AZ

İranda dini mənsubiyyətə görə təzyiqlər davam edir: 19 yaşlı Bəhai qızı naməlum yerə aparıldı » AzadMedia.az


İranda dini azlıqlara qarşı sistemli təzyiqlər yeni faktlarla bir daha gündəmə gəlib. İnsan Haqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, Bəhai icmasına mənsub 19 yaşlı Rojin Hüseynnejad yanvarın 24-də Kerman şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və naməlum istiqamətə aparılıb.
HRANA-nın əldə etdiyi məlumatlara əsasən, saxlanma zamanı təhlükəsizlik əməkdaşları yalnız gənc qızı aparmaqla kifayətlənməyib, ailə üzvlərinə məxsus şəxsi əşyaları – mobil telefonlar və noutbukları da müsadirə ediblər. Hazırda Rojin Hüseynnejadın harada saxlanıldığı, ona qarşı hansı ittihamların irəli sürüldüyü barədə heç bir rəsmi məlumat yoxdur. Bu isə onun taleyi ilə bağlı ciddi narahatlıq yaradır.
Qeyd edək ki, Rojin Hüseynnejad Kerman şəhərinin sakini olan, cəmi 19 yaşlı Bəhai vətəndaşdır. Bəhai icması isə illərdir İranda təhsil, məşğulluq, ictimai fəaliyyət və şəxsi azadlıqlar baxımından sistemli diskriminasiyaya məruz qalır. Hüquq müdafiəçiləri bildirir ki, bu cür saxlanmalar əksər hallarda hüquqi əsas olmadan, sadəcə dini mənsubiyyətə görə həyata keçirilir.
Hadisə ölkədə onsuz da gərgin olan ictimai-siyasi fonla üst-üstə düşür. Xatırladaq ki, dekabrın 28-dən etibarən Tehranda dükan sahibləri və bazar tacirlərinin etiraz aksiyaları başlayıb, iki gün ərzində isə bu aksiyalar təkcə ticarət mərkəzləri ilə məhdudlaşmayaraq şagirdlərin, tələbələrin və müxtəlif sosial qrupların iştirakı ilə genişmiqyaslı etiraz dalğasına çevrilib. Müşahidəçilərin fikrincə, son illərin ən geniş aksiyalarından biri olan bu proses fonunda təhlükəsizlik qurumlarının təzyiq və qorxutma siyasəti daha da sərtləşib.
HRANA-nın etirazların 29-cu günü ilə bağlı yaydığı ətraflı hesabatda əmlak müsadirəsi hədələri, kommunikasiya vasitələrinin bloklanması və vətəndaşlara qarşı psixoloji təzyiqlərin davam etdiyi vurğulanır. Rojin Hüseynnejadın saxlanılması da məhz bu repressiv mühitin tərkib hissəsi kimi qiymətləndirilir.
Hüquq müdafiəçiləri beynəlxalq ictimaiyyəti İranda dini azlıqların, xüsusilə gənclərin hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə və Rojin Hüseynnejadın taleyinə aydınlıq gətirilməsi üçün təcili tədbirlər görməyə çağırırlar.
Seçilən
52
1
azadmedia.az

2Mənbələr