“Bilirsiniz, bu iddia gülüncdür. İran İsraildən 1 500 kilometr məsafədədir. Milyonlarla insan küçələrə çıxdı. İran hökuməti öz xalqından minlərlə insanı öldürürdü. Bunun İsrail və ya ABŞ-la nə əlaqəsi var? Onlar xalqın ehtiyaclarını ödəyə bilmədilər”.
Bunu APA-ya eksklüziv müsahibəsində İsrail Dövlətinin xarici işləri naziri Gideon Saar İranda baş verənlərə görə rəsmi Tehranın İsraili ittiham etməsinə dair suala cavabında deyib.
“Onlar xalqın azadlıq və rifah arzularını amansızcasına boğur və başqalarını günahlandırırlar. Bu, diktatorluqlar üçün çox tipik bir üsuldur. Və bu, amansız bir diktatorluqdur. Beləliklə, açıq danışsaq, bizim baxışımızdan islam inqilabına və 70-ci illərin sonuna qədər İranla əla münasibətlərimiz olub. Onlarla əməkdaşlıq edirdik və onlarla çox yaxşı münasibətlərimiz var idi. Bizim İran xalqı ilə də yaxşı münasibətimiz mövcuddur. Biz İran xalqının düşməni və ya rəqibi deyilik. Biz İran xalqının sülh istəyinin tərəfdarıyıq. Bizim yalnız rejimlə problemimiz var. Niyə? Birincisi, çünki onlar təkcə açıq və rəsmi şəkildə “İsraili məhv etmək istəyirik” demirlər, həm də buna nail olmaq üçün hərəkət edirlər.
Və onlar ətrafımızdakı bütün terror təşkilatlarını maliyyələşdirirlər, məsələn, HAMAS, Hizbullah, husilər. Beləliklə, onlar İsrailə qarşı uzun məsafədən davamlı olaraq müharibə aparan tərəflərdir. İkincisi, onlar nüvə silahına sahib olmaq istəyirlər və bu, bütün bölgə üçün təhlükə yaradacaq. Bu yalnız İsraili təhlükəyə atmayacaq, çünki bu amansız rejim əgər nüvə çətiri əldə etsə, qonşu ölkələri hədələmək üçün nə edə biləcəklərini təsəvvür etmək olar. Buna görə də, ən ekstremist rejimin ən təhlükəli silah — yəni nüvə silahına sahib olması qadağandır. Üçüncüsü, onlar böyük ballistik raket proqramı yaratmaq üçün çalışıblar və hələ də çalışırlar.