Bank sektorunda kredit faizlərinin yüksəlməsi diqqət çəkir. Belə ki, hazırda banklar kreditləri şərtlərdən asılı olaraq minimum 18 faizlə təqdim edirlər. Bəs görəsən banklar kredit faizlərini artırmaqda niyə maraqlıdır?İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında bildirib ki, banklar əslində faiz dərəcələrini artırmaqda maraqlı deyillər. Onun sözlərinə görə, faiz dərəcələrinin bazarda yüksəlməsi bir neçə amillə şərtlənir: “Bu, ilk növbədə bankların cəlb etdikləri vəsaitlərin dəyəri ilə bağlıdır. Banklar vəsaitləri əhalidən, hüquqi və fiziki şəxslərdən cari hesablar, əmanətlər, müxtəlif sərmayələr, eləcə də beynəlxalq maliyyə təşkilatları vasitəsilə cəlb edirlər. Cəlb olunan bu vəsaitlər banklara nə qədər baha başa gəlirsə və ölkədə mövcud kredit vəziyyəti, maliyyə bazarının ümumi durumu, risklərin səviyyəsi nə qədər artırsa, banklar istər-istəməz faiz dərəcələrini qaldırmağa məcbur olurlar”.
R.Atakişiyev qeyd edib ki, ümumilikdə faiz dərəcələrinin bazardakı səviyyəsi kreditə olan tələbat və təklif olunan kredit həcmi ilə birbaşa bağlıdır: “Mövcud şəraitdə təklif olunan kreditlərin həcmi azdırsa, bu, qaçılmaz olaraq bahalaşmaya gətirib çıxarır. Buna görə də kreditlərdə bahalaşma müşahidə olunursa, bu, əsasən maliyyə bazarının mövcud konyunkturasından irəli gəlir”. Sevinc İbrahimzadə / Metbuat.az