Yekaterinburqun Kirovski Rayon Məhkəməsində Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və digərlərinin qətl və sifarişli sui-qəsd cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, məhkəmə iclası prosesdə iştirak edənlərin sayının çox olması səbəbindən regional məhkəmənin binasında keçirilir.
Müttəhimlər kürsüsündə Şahin Şıxlinski, Şücayəddin Rəcəbov, Akif, Ayaz, Bakir, Kamal və Məzahir Səfərovlar var.
Cinayət işinə andlılar məhkəməsinin kollegiya heyəti baxır. Bugünkü iclasda dövlət ittihamçısının və zərərçəkmişin məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətləri təmin edilib.
Növbəti məhkəmə iclasının yanvarın 27-də keçiriləcəyi bildirilib.
Qeyd edək ki, ötən ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Daha sonra Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxlinski saxlanılıb. Mutvalı Şıxslinskiyə qarşı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddəsi ilə cinayət işi açılıb. Şahin Şıxlinski isə sifarişli qətlə cəhd və dövlət nümayəndəsinə qarşı zor tətbiq etmə maddələri ilə ittiham olunur.