Azərbaycanda əkin yerinin yandırılması ilə bağlı yeni cərimələr təsdiqlənib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə ediləcək.
Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək məbləğdə, vəzifəli şəxslər 2 min manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 6 min manatdan 7 min manatadək məbləğdə cərimə ediləcək.
Əvvəlki qanuna əsasən isə əkin yerinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 6 min manatadək məbləğdə cərimə edilirdilər.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.