AZ

Avropa İttifaqı Rusiyadan qaz idxalını qadağan edib

Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qaz idxalının mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qanunu təsdiqləyib. Qərar Aİ Şurası tərəfindən qəbul olunub və birliyin 27 üzv ölkəsinin hamısı tərəfindən dəstəklənib.

Vətəninfo.az xəbər verir ki, qəbul edilən reqlamentə əsasən, həm Rusiya boru kəməri qazının, həm də sıxılmış təbii qazın (LNG) Aİ-yə idxalı mərhələli şəkildə qadağan ediləcək. Qısamüddətli müqavilələr üzrə LNG idxalına qoyulan qadağa 25 aprel 2026-cı ildən, boru kəməri qazına dair qadağa isə 17 iyun 2026-cı ildən qüvvəyə minəcək. Uzunmüddətli müqavilələr üçün LNG idxalı 1 yanvar 2027-ci ildən, boru kəməri qazının idxalı isə 30 sentyabr 2027-ci ildən tam dayandırılacaq.

Reqlamentə görə, Aİ-yə üzv ölkələr 1 mart 2026-cı ilədək qaz təchizatının şaxələndirilməsi ilə bağlı milli planlar hazırlamalı və Rusiya qazının əvəzlənməsi zamanı yarana biləcək riskləri müəyyən etməlidirlər. Bu çərçivədə şirkətlərdən Rusiya qazı ilə bağlı mövcud müqavilələr barədə milli qurumlara və Avropa Komissiyasına məlumat vermələri tələb olunacaq.

Bununla belə, bir və ya bir neçə Aİ ölkəsinin enerji təhlükəsizliyinə ciddi təhlükə yaranacağı halda, Rusiya ilə qısamüddətli qaz müqavilələrinin bağlanmasına istisna olaraq icazə verilə bilər.

Qeyd edək ki, Rusiya boru kəməri qazı və LNG idxalına qoyulan qadağa Aİ-nin 19-cu sanksiya paketində nəzərdə tutulub. Enerji və Təmiz Hava üzrə Tədqiqat Mərkəzinin məlumatına görə, Ukraynada müharibənin başlanmasından 2025-ci ilin sentyabr ayına qədər Aİ Rusiyanın sıxılmış təbii qaz ixracının təxminən yarısını alıb. Rusiya qazının əsas idxalçıları sırasında Aİ-dən sonra Çin və Yaponiya qərarlaşıb.

“Reuters”in xəbərinə görə, sözügedən qərara Macarıstan etiraz edib və məsələni Avropa Ədalət Məhkəməsinə çıxarmağı planlaşdırır.

Seçilən
89
5
veteninfo.az

10Mənbələr