Azərbaycan ordusunun minlərlə əsgərinin arasında könüllü müəllimləri də vardı. Sinif ortaqlarından döyüş meydanına gedən müəllimlərin, əslində, düşməndən alacaq çox qisası vardı. Kitablardan oxuduqları, Birinci Qarabağ müharibəsi veteranlarından və böyüklərindən eşitdikləri haqsızlıqlar illərdi, ürəklərində yaraya çevrilmişdi. Ürək yanğılarını şagirdləri ilə bölüşən müəllimlər daima Ali Baş Komandanın əmrini gözlədiklərini bildirirdilər. Azərbaycan xalqının yaddaşında zaman-zaman qanlı izlər buraxmış erməni terroru müəllimləri daha ağır məsuliyyət qarşısında qoymuşdu. Müəllim, taleyinə yazılmış alın yazısını yaşamaqla bərabər, həm də yaşadığı tarixi dövrü araşdıraraq şagirdlərinə, gələcək nəsillərə ötürməlidir.
Torpaqlarımızın azadlığı uğrunda gedən İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən, şəhidlik zirvəsinə ucalan müəllimlərimiz az deyil.
Azərbaycan xalqının qürur duyduğu müəllimlərdən biri də Gəncə şəhərində müəllim olmaq arzusu ilə yaşamış Rəşad Məmmədov idi. Rəşad müəllim olmaq istəyi ilə Gəncə Dövlət Universitetində bakalavr, daha sonra isə magistratura pilləsini oxuyur. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahan verir, yüksək toplayaraq M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbdə fəaliyyətə başlayan Rəşad bu məktəbdə şagirdlərin yaddaşında əbədi iz buraxır. İki ildən sonra 2020-ci ilin sentyabr ayında Qarabağda əks hücum əməliyyatları gedən zaman Rəşad Məmmədov qələmi süngü ilə əvəz etmək qərarına gəldi. Onu bu yoldan heç kim döndərə bilmədi. Dəfələrlə müraciət etsə də, onu çağırmamışdılar. Nəhayət oktyabr ayının üçündə çağırış gəldi. Elə sonuncu dərsini də oktyabrın 3-də keçdi. Bu gündən etibarən isə məktəbdə deyil, Şuşa uğrunda döyüş meydanında düşmənə dərs verəcəkdi. Sonuncu dəfə isə noyabr 3-də zəng elədi. Daha sonra ondan nə zəng, nə də bir xəbər gəldi. Zəfər bayramında evinə şəhid kimi döndü. Onunla bərabər döyüşlərdə iştirak edən əsgər dostu, Rəşadın dəfnindən sonra məktəbə getdi.
Rəşad Məmmədov tarix müəllimi idi. O dərs zamanı tarixin bütün qaranlıq səhifələrinə işıq salmağa çalışırdı. Bəlkə də, heç vaxt düşünməzdi ki, bir gün bu məktəbdə şagirdlərinə onun yazdığı tarixi hadisələrdən söz açılacaq. Rəşad Məmmədovun komandiri və əsgər yoldaşları burada onun son arzusunu yerinə yetirmək, bayrağını təqdim etmək üçün gəlmişdilər. Şəhid olarkən son sözlərini və ona aid üçrəngli bayrağı məktəbə, şagirdlərinə ərməğan etdilər.