AZ

Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu

Pensiya kapitalı nə qədər artırılacaq? - Rəsmi rəqəm elan olundu

“Əmək Pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır.

Sözügedən qanunun 29.1-1-ci maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

Milli Məclisin deputatı Vüqar Bayramov mövzu ilə bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq:

“Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir ki, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılacaq.

Məsələn, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq.

Pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Azərbaycan Prezidenti tərəfindən sərəncamın imzalanacağı gözlənilir.

Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Deputat qeyd edib ki, pensiya kapitalının indeksləşdirilməsi yığılan vəsaitlərin inflyasiyadan qorunması məqsədi daşıyır və qiymət artımlarının təsirini minimumlaşdırmağa xidmət edir.

O vurğulayıb ki, pensiya kapitalının indeksləşdirilməsi ilə əmək pensiyalarının artırılması eyni anlayış deyil. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əmək haqqının artım faizinə uyğun indeksləşdirilir.

Qeyd olunub ki, pensiya kapitalında artım 5.6 faiz olsa da, əmək pensiyalarının 9.2 faiz artacağı gözlənilir.

Seçilən
51
34
afn.az

10Mənbələr