Xəbər verildiyi kimi, ABŞ lideri Donald Tramp vitse-prezident Ceyms Di Vensin fevralda Azərbaycana və Ermənistana səfər edəcəyi barədə paylaşım edib. Səfərin təxmini proqramı belədir: sülh gündəmi, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, TRIPP layihəsi.
Lakin Ermənistandakı revanşist çevrələrin dərdi deyəsən başqadır. Məsələn, Xocalı hərbi canisi Serj Sarkisyanın rəhbəri olduğu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan yazıb:
“ABŞ vitse-prezidentinin fevral ayında təkcə Ermənistana deyil, həm də Azərbaycana səfər edəcəyi məlum olub. Hesab edirəm ki, Ermənistanın potensialını mümkün qədər səfərbər etmək və bu səfər zamanı Bakıda “girov saxlanılan hərbi əsirlərimizin” (dırnaqlar bizimdir – red.), eləcə də “artsax”ın hərbi və siyasi rəhbərliyinin azad edilməsi məsələsini qaldırmaq lazımdır. Bir neçə ay əvvəl ABŞ prezidentinin xüsusi nümayəndəsi Minskdə onlarla belaruslu siyasi məhbusun azad edilməsinə nail olub. Eyni ssenari həm Əliyev, həm də Paşinyan üçün keçərlidir”.

ABŞ vitse-prezidentinin Bakıdan, Prezident İlham Əliyevdən belə bir ricası mümkündürmü?
Professor Qabil Hüseynli Musavat.com-a bildirib ki, hərbi canilərin barəsində məhkəmə hökmü yoxdur və onlar azad edilə bilməz.
Erməni separatçıların layiqli cəza alacağına əminliyini ifadə edən professorun sözlərinə görə, buna heç kəsin şübhəsi yoxdur.
“Qarabağda yaradılan qondarma rejim Azərbaycan qanunlarına tabe olmayıb və uzun müddət fəaliyyət göstərib. Onların cinayətkar əməlləri nəticəsində Azərbaycanın ərazilərinin bir hissəsində suverenlik olmayıb. Biz nəhayət, 2023-cü ildə suverenliyi tam bərpa etmişik. İndi bizdən Vens, yaxud hansı bir siyasi lider onların bağışlanmasını xahiş edə bilər? Əgər belə bir istək olarsa, heç bir halda əfv mümkün deyil. Söhbət şüurlu şəkildə törədilən cinayətlərdən gedir. İndi bu qatillər səhvlərini etiraf edirlər. Amma əvəzində yumşalma ola bilməz. Çünki dövlət ittihamçıları qərara gəlməlidirlər ki, onlar bu cinayətləri səhvən etməyiblər, bilərəkdən həyata keçiriblər. Odur ki, şüurlu şəkildə reallaşdırılan cinayət bağışlana bilməz”.

Q. Hüseynli bu şəxslərin ömürlük azadlıqdan məhrum ediləcəyini gözləyir:
“Biz öz hərbi tribunalımızı qurmuşuq və tarixi mühakimə aparılır. Üstəlik, uzaq təqvim deyil. Araik öz dili ilə əmr edib ki, Gəncə vurulsun. Bax, belə bir qatilin xahişini Vens niyə etsin ki?! Ona görə görüşdə bu haqda müzakirə gözləmirəm. Əgər hər hansı xahiş olarsa, onun icrası real görünmür. Məncə, ABŞ vitse-prezidenti Bakıya bunun üçün gəlmir”.
Musavat.com