AZ

Daşaltı əməliyyatında və Şuşa səmasında vurulan helikopterdə şəhid olanların xatirəsi anılıb  

1992-ci il yanvarın 25-26-da Daşaltı əməliyyatı zamanı və yanvarın 28-də erməni terrorçuları tərəfindən Şuşa səmasında vurulan “Mİ - 8” helikopterində şəhid olanların əziz xatirəsi Şuşa Şəhidlər xiyabanında yad olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində Xüsusi nümayəndəliyin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları, Şuşada fəaliyyət göstərən, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun həyata keçirdiyi Daşaltı əməliyyatı 1992-ci il yanvarın 25-də başlayıb və yanvarın 26-da uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyat zamanı Azərbaycan Ordusu onlarla şəhid verib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan tağımlarımız düşmənin pusqusuna düşüb, kəndə daxil olmuş bir neçə tağım isə itki verərək geri çəkilib. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr