AZ

Azərbaycan Universitetinin 12 tələbəsi yaz semestrində xaricdə təhsil alacaq

Bakı, 26 yanvar, AZƏRTAC

Azərbaycan Universitetinin 12 tələbəsi təhsillərini beynəlxalq ikili diplom proqramı, o cümlədən universitetlərarası mübadilə proqramı çərçivəsində Türkiyə, İtaliya, Almaniya və Polşa universitetlərində davam etdirmək hüququ əldə edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Universitetindən bildirilib. Qeyd olunub ki, 9 bakalavriat və 3 magistratura tələbəsi universitetin beynəlmiləlləşmə strategiyasına uyğun olaraq 2025/2026-cı tədris ilinin yaz semestrini xarici tərəfdaş universitetlərdə oxuyacaq, həmçinin istehsalat təcrübəsində iştirak edəcək. Bütün tələbələr təqaüdlə təmin olunacaqlar.

Beynəlxalq ikili diplom proqramı məzunların beynəlxalq səviyyədə tanınan iki diplom əldə etməsini təmin etməklə onların qlobal əmək bazarında imkanlarını əhəmiyyətli dərəcədə artırır. Mübadilə proqramında iştirak edən tələbələr fərqli akademik yanaşmalar və tədris metodları ilə tanış olurlar. Bu proses onların xarici dil bacarıqlarının təkmilləşməsinə, dünyagörüşlərinin genişlənməsinə şərait yaradır, müstəqil düşünmə, uyğunlaşma və beynəlxalq təhsil mühitində fəaliyyət göstərmə bacarıqlarını inkişaf etdirir. Ölkə xaricində real iş mühitində istehsalat təcrübəsi keçmək isə gələcək karyera planlamasına mühüm töhfə verir.

MBA Proqramının tədrisi ingilis dilində aparılan marketinq istiqaməti üzrə II kurs tələbəsi İlqar Məmmədov İtaliyanın Tuscia Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramına seçilən ikinci tələbə olaraq yaz semestrini bu ölkədə oxuyacaq. İlqar Məmmədova təhsil proqramını uğurla başa vuracağı təqdirdə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, ona Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

MBA Proqramının tədrisi ingilis dilində aparılan marketinq istiqaməti üzrə II kurs magistratura tələbəsi Fariz Şükürov isə universitetlərarası mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində oxuyacaq. Bakalavriat tələbəsi Səttar İsmayılov da payız semestrində təhsilini Koblenz Universitetində davam etdirəcək. O, menecment ixtisasında oxuyur və II kurs tələbəsidir.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə III kurs tələbəsi Nurcan Seydaliyeva və beynəlxalq münasibətlər ixtisası üzrə III kurs tələbəsi Natella Saadova İtaliyanın Sapienza Universitetində, marketinq ixtisası üzrə III kurs tələbəsi Nurcan İsmayılova isə Türkiyənin Kastamonu Universitetində təhsillərini davam etdirəcəklər.

Təhsilini Türkiyədə davam etdirmək hüququ əldə edən tələbələrdən biri də Arkan Adışlıdır. O, iqtisadiyyatın hüquqi tənzimlənməsi üzrə magistraturada I kurs tələbəsidir və və yaz semestrini Anadolu Universitetində oxuyacaq.

Biznesin idarə edilməsi ixtisası üzrə III kurs tələbəsi Fəxri Məmmədli və mühasibat ixtisası üzrə III kurs tələbəsi Aysel Musayeva isə təhsillərinə Polşanın Krakov İqtisadiyyat Universitetində davam edəcəklər.

İnformasiya təhlükəsizliyi ixtisası üzrə IV kurs tələbələri Yunis Bədəlov və Nihad Əliyev, politologiya ixtisası üzrə IV kurs tələbəsi Səbinə Cəlilova istehsalat təcrübəsini Türkiyənin Necmeddin Erbakan Universitetində keçəcəklər. Təcrübə dövründə tələbələr universitetin müvafiq fakültə və struktur bölmələrində akademik və praktiki fəaliyyətlərdə iştirak edəcəklər. Bu təcrübə onların peşəkar bacarıqlarının formalaşmasına, beynəlxalq standartlarla tanış olmasına və nəzəri hazırlığın xarici praktik təcrübə ilə möhkəmləndirilməsinə xidmət edəcək.

Beynəlxalq təcrübə mərhələsi başa çatdıqdan sonra tələbələr əldə etdikləri bilik və bacarıqları tətbiq etmək məqsədilə təcrübələrini yerli müəssisələrdə davam etdirəcəklər. Bu mərhələ beynəlxalq təcrübənin yerli peşə mühitinə inteqrasiyasına xidmət edəcək.

Xaricdə təqaüdlü təhsillə bağlı əlaqələndirmə məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həyata keçirilir. Tələbə mübadilə proqramları çərçivəsində xarici tərəfdaş universitetlərdə qısamüddətli təhsil almaq istəyən tələbələr daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otaq) müraciət edə bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr yüksək akademik göstəricilərə sahib olmalıdırlar.

Seçilən
55
6
azertag.az

7Mənbələr