Ölkəmizə il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib. İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Bu fikirləri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci il üzrə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.
Onun sözlərinə görə, nəzarət tədbirləri çərçivəsində tərkibində qadağan olunmuş maddə aşkarlanan energetik içkilər, uyğunsuzluq müəyyən edilən uşaq qidaları, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilən ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib. Bundan əlavə, 7 müxtəlif ölkəyə məxsus 19 istehsalçı müəssisədən Azərbaycan Respublikasına məhsul idxalına qadağa tətbiq olunub.
AQTA-nın sədr müavini Əziz Şərifov ötən il ərzində alkoqollu içkilərin satışı və dövriyyəsi üzrə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində görülən işlər barədə də media nümayəndələrinə məlumat verib. Onun sözlərinə görə, ötən il ərzində alkoqollu içkilərin dövriyyəsi üzrə aparılan nəzarət tədbirləri çərçivəsində müxtəlif növ 8 197 ədəd saxta alkoqollu içki aşkarlanaraq satışdan kənarlaşdırılıb. Qanunsuz fəaliyyətlərin müəyyən edildiyi bütün hallarla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
Yaqut Ağaşahqızı “İki sahil”