AZ

Otel işçisi niyə bıçaqla gəzirsə, qonağın təhlükəsizliyinə kim zəmanət verir? » AzadMedia.az


Bakının mərkəzində, paytaxtın ən prestijli ərazilərindən biri sayılan “Ağ şəhər”də yerləşən hoteldə baş verən qətl hadisəsi ciddi suallar doğurur. Hadisə təkcə iki nəfər arasında baş vermiş məişət münaqişəsi deyil, eyni zamanda hotellərdə təhlükəsizlik sisteminin nə dərəcədə effektiv olması məsələsini gündəmə gətirir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 25-i saat 19 radələrində “Boulevard Hotel”də dəhşətli hadisə baş verib. Hoteldə ofisiant işləyən, 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxana sahəsində bıçaqlanaraq qətlə yetirilib. İlkin araşdırmalar göstərir ki, hadisə hotelin digər ofisiantı – 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilib. Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanıb və araşdırma rayon prokurorluğu tərəfindən aparılır.
Ancaq cəmiyyət üçün əsas suallar bundan sonra başlayır.
Otel işçisi niyə soyuq silahla gəzirdi?
Hotel kimi obyektlərdə giriş-çıxış, personalın yoxlanılması, daxili təhlükəsizlik qaydaları mövcud olmalıdır. Xüsusilə də iri hotellərdə əməkdaşların üzərində kəsici-deşici alətlərin olması ciddi təhlükə mənbəyidir. Bu halda ya daxili nəzarət mexanizmi zəif olub, ya da ümumiyyətlə formal şəkildə tətbiq edilib.
Təhlükəsizlik yalnız qonaqlar üçünmü nəzərdə tutulub?
Hotellərdə təhlükəsizlik anlayışı adətən müştərilərin rahatlığı ilə məhdudlaşır. Halbuki personal da həmin mühitdə saatlarla işləyir və onların təhlükəsizliyi də təmin olunmalıdır. Bir əməkdaşın digərini hotel daxilində qətlə yetirməsi göstərir ki, müəssisə daxilində risklərin qiymətləndirilməsi düzgün aparılmayıb.
Qonaqların təhlükəsizliyinə kim zəmanət verir?
Hadisə camaşırxanada baş versə də, eyni şəraitdə qonaqların olduğu zonalarda da oxşar risklərin istisna edilmədiyi aydın olur. Bu cür hadisələr hotellərin təhlükəsizlik sertifikatları, personalın psixoloji vəziyyətinin qiymətləndirilməsi və mütəmadi nəzarət mexanizmlərinin real olub-olmaması məsələsini aktuallaşdırır.
Nəticə etibarilə, paytaxtda, nüfuzlu ərazidə yerləşən hoteldə belə bir hadisənin baş verməsi həm hotel rəhbərliyi, həm də nəzarət orqanları üçün ciddi siqnaldır. Cinayətə hüquqi qiymət veriləcək, günahkar cəzasını alacaq. Lakin cəmiyyətin gözləntisi yalnız bununla bitmir. Vacib olan oxşar faciələrin qarşısını almaq, hotellərdə real və effektiv təhlükəsizlik sistemlərinin qurulmasıdır.
Əks halda, bu sual açıq qalır:
sabah eyni məkanda təhlükə ilə üzləşən qonaq olsa, məsuliyyəti kim daşıyacaq?
Azadmedia.az
Seçilən
17
1
azadmedia.az

2Mənbələr