AZ

Bakıda qorxunc həşəratlar yayılır – Səbəbi təəccübləndirdi

Bakıda gözlənilən yağışlı və qarlı hava şəhərin kanalizasiya sistemindəki çatışmazlıqları yenidən gündəmə gətirib. Qeyd edilir ki, ötən il yaşanan analoji problem yenə təkrarlana bilər. Bu isə nəmişliyə, evlərin, yolların tez sıradan çıxmasına, həmçinin zərərverici həşəratların yayılmasına səbəb olur.

Bakıda kanalizasiya sisteminin yetərsiz olmasının səbəbi nədir?

Ekologiya.az bildirir ki, "Globalinfo"-ya danışan ekoloq Arzu Mustafayev deyib ki, problemin əsasən üç başlıca səbəbi var:

“Birincisi, artan əhali sayı, urbanizasiya və demoqrafik problemlər, yəni insan faktoru. İkincisi, Bakı şəhərinin yetərsiz infrastrukturu. Bildiyiniz kimi, uzun müddət effektiv baş plan olmayıb. Şəhərsalma, üslub və qanun qaydalarına əməl edilmədən bir çox yaşayış məntəqələri inşa olunub. Su, drenaj və yağış suları kollektorlarının şəbəkəsi müasir deyil və müasir tələblərə cavab vermir. Bundan əlavə, bəzi ərazilərdə bu infrastruktur tamamilə mövcud deyil. Bütün bunlara biz alt struktur adı ilə infrastruktur çatışmazlığı və ya infrastruktur problemi deyirik. Üçüncüsü isə əsasən antropogen təsirlərdən, qismən isə təbii amillərdən qaynaqlanır. Məsələn, Xəzərin çəkilməsi və quraqlıq nəticəsində göllərin quruması”.

Ekoloq qeyd edib ki, Bakı quraq zona sayılır:


“Quraq zonalara ildə 200-600 mm yağıntı düşən ərazilər daxildir. Bakı və Abşeron yarımadasında yağıntılar qeyri-bərabər paylanıb. Bu o deməkdir ki, ildə düşən yağıntı aylar üzrə bərabər paylanmır. Yay ayları nisbətən quraq və yağışsız, payız və qış isə nisbətən rütubətli və yağışlı keçir. Normadan artıq yağıntıların bəzən hətta bir neçə dəfə artıq miqdarda düşməsi, həmin problemlər səbəbindən yağış sularının idarə olunması sistemini iflic vəziyyətə gətirir”.

Ekoloq bəzi göllərin qurudulduğunu vurğulayıb:

“Müəyyən su tutan göllər suların bir hissəsini toplayıb saxlayırdı və müxtəlif hidroloji şəbəkə vasitəsilə Xəzər dənizinə axırdı. Bu hidroloji şəbəkəyə isə insan təsiri ilə müxtəlif yönümlü müdaxilələr olub. Məsələn, Sədərək gölü, yəni Qırmızı göl (Sədərək və Binə Ticarət Mərkəzləri ərazisində), Xocasən gölü və Lökbatan gölü bir-biri ilə əlaqəli idi. Bu göllər həm su toplayıcı, həm də su atıcı funksiyanı yerinə yetirirdi. Göllər qurudulduqda, həmin toplayıcı hövzədə qrunt suyunun səviyyəsi qalxır, nəmişlik artır. Nəticədə qruntda yerləşən yeni padvallar su ilə dolur, bu isə antisanitariya və müxtəlif zərərverici həşəratların çoxalmasına, sanitar-epidemioloji vəziyyətin pisləşməsinə gətirib çıxarır. Problemlər zəncirvari şəkildə bir-birinə bağlıdır”.

Seçilən
15
3
ekologiya.az

4Mənbələr