Sosial şəbəkələrdə yayılan məlumatlarda Pekində yüksək səviyyəli hərbi çevriliş cəhdinin qarşısının alındığı bildirilir...
Poliqon xəbər verir ki, yayılan iddialara əsasən, Çin Xalq Azadlıq Ordusunun nüfuzlu generalları Çjan Yusya və Lyu Çjenli 18 yanvar 2026-cı il gecəsi ölkə lideri Si Tsinpini devirmək və həbs etmək məqsədilə gizli əməliyyat planlaşdırıblar. Məlumata görə, həmin gün Si Tsinpin Pekində yerləşən hökumətə məxsus “Czinşi” otelində (京西宾馆) qalmağı planlaşdırırıb. Qeyd edilir ki, son illər təhlükəsizlik səbəbilə daim yerini dəyişən Çin lideri bir neçə gündən bir fərqli məkanda qalır.
Lakin çevriliş cəhdinə təxminən iki saat qalmış əməliyyatla bağlı məlumat sızması baş verib. Bu barədə xəbər tutan Si Tsinpin dərhal “Czinşi” otelini tərk edərək təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatın başlanması barədə göstəriş verib. Nəticədə planlaşdırılan çevrilişin qarşısı vaxtında alınıb.
Mənbələrin bildirdiyinə görə, Çjan Yusya məlumat sızmasından xəbərsiz olaraq ön dəstəni əməliyyata göndərib. Həmin qrup “Czinşi” otelinə çatdıqdan sonra Si Cinpinin mühafizə qüvvələri ilə silahlı toqquşma baş verib. Qısa müddətli atışmadan sonra təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürə bilib.
Hadisədən dərhal sonra Çjan Yusya və Lyu Çjenlinin, eləcə də onların ailə üzvlərinin saxlanılması barədə əmr verildiyi iddia olunur. Rəsmi açıqlamaların isə yalnız bütün proses tam nəzarət altına alındıqdan sonra edildiyi qeyd edilir. Çin hakimiyyəti hələlik məsələ ilə bağlı açıq və detallı bəyanat yaymayıb.
Qeyd edək ki, əgər bu məlumatlar təsdiqini tapsa, söhbət Çin Xalq Respublikasının müasir tarixində ən ciddi daxili siyasi-hərbi böhranlardan birindən gedə bilər. Hadisə, eyni zamanda, ölkə rəhbərliyində təhlükəsizlik və hakimiyyət uğrunda mübarizənin nə dərəcədə kəskinləşdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilməlidir.
Poliqon.info