AZ

İsrailin XİN başçısı Gideon Saar Azərbaycana səfər edib

İsrail XİN başçısı Gideon Saar bu gün Azərbaycan və Qazaxıstana diplomatik səfərə çıxıb.

Bakı və Astanaya səfər ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafına yönəlib.

Səfər çərçivəsində bir sıra rəsmi tədbirlər, həmçinin dövlət qurumları və ictimai dairələrin nümayəndələri ilə görüşlər planlaşdırılıb. Yəhudi icmalarının nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Qazaxıstana səfər ölkənin “İbrahim Sazişləri”nə qoşulması fonunda həyata keçirilir. Bundan əlavə, nazir Astanada Holokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.

Gideon Saarı 40-dan çox israilli iş adamı və dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyəti müşayiət edir. Nümayəndə heyəti su texnologiyaları və kənd təsərrüfatı, kibertəhlükəsizlik, mühəndislik, maliyyə, səhiyyə və digər sahələri təmsil edir.

XİN başçısının təşəbbüsü ilə Bakı və Astanada biznes forumlar da nəzərdə tutulub. Bu çərçivədə İsrail nümayəndə heyətinin üzvləri yerli sahibkarlar və işgüzar dairələrin nümayəndələri ilə görüşəcəklər.

***

İsrailin xarici işlər naziri Gideon Saar Bakıda yəhudi icmasının liderləri ilə görüşüb.

İsrailin xarici işlər naziri görüş barədə sosial media hesabında paylaşıb.

“Bu gün təxminən 30.000 yəhudi Azərbaycanda ölkənin müsəlman əhalisi ilə yanaşı, qarşılıqlı hörmət, dini tolerantlıq və din azadlığı mühitində yaşayır. Nəsillər boyu Azərbaycan yəhudi icmasının rifahını və təhlükəsizliyini təmin edən müsəlmanların əksəriyyəti olan bir ölkə nümunəsi olub”, – o qeyd edib.

İsrail xarici işlər naziri iki ölkə arasında sıx əlaqələri bir daha vurğulayıb. O, İsrailə qayıdan yəhudi icmasının və Azərbaycanda yaşayan yəhudilərin iki ölkə arasında münasibətlərin möhkəm təməlini təşkil etdiyini bildirib.

“Bu əlaqələr bir çox sahələrdə dərinləşməyə davam edir və biz onları daha da gücləndirmək niyyətindəyik”, – deyə Saar vurğulayıb.

Seçilən
22
5
veteninfo.az

10Mənbələr