Qadınlardan və kişilərdən ibarət milli komandaların üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, seminar Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin sədri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilib.
Tədbir zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah edilib, müxtəlif epizodlar üzrə hakim qərarlarının verilmə meyarları ətraflı müzakirə olunub.
Qeyd edək ki, seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha dəqiq mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha effektiv qurulmasına dəstək göstərmək olub.