AZ

Mançester meri parlament seçkilərinə BURAXILMADI

Böyük Britaniya mediasının Kir Starmerin istefası halında baş nazir postuna mümkün namizəd kimi göstərdiyi şəxs, Mançesterin meri Endi Bornem, ölkənin parlamentinin aşağı palatası olan İcmalar Palatasına keçiriləcək əlavə seçkilərdə iştirak etmək hüququ əldə etməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Sky News telekanalı məlumat yayıb.

 

Bornem Mançesterdəki seçki dairəsində Leyborist Partiyasının namizədi kimi İcmalar Palatasına əlavə seçkilərdə iştirak etmək istədiyini bildirib. Lakin leyboristlərin Milli İcra Komitəsi onun namizədliyini bloklayıb.

 

Sky News-un məlumatına görə, 10 nəfərdən ibarət xüsusi komissiya 8 səslə Bornemin seçkilərdə iştirakının əleyhinə çıxıb. Merin lehinə Leyborist Partiyasının lider müavini Lüsi Pauell səs verib. Milli İcra Komitəsinin sədri və Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud isə səsvermədə bitərəf qalıb.

 

Telekanalın yazdığına görə, Bornemin İcmalar Palatasına seçkilərə buraxılmaması ilə bağlı qərar, onun parlamentə seçildikdən sonra Leyborist Partiyasının lideri və Birləşmiş Krallığın baş naziri postlarında Kir Starmeri devirməyə cəhd edə biləcəyi ilə bağlı narahatlıqlarla əlaqələndirilir. Digər səbəb kimi isə onun Vestminsterə getməsi halında Böyük Mançester merliyi üzrə yeni seçkilərin keçirilməsinin zəruriliyi göstərilir. Bildirilir ki, həmin seçkilərdə hakim partiyanın namizədinin qələbəsi zəmanətli deyil və bu proses “iqtisadi baxımdan baha başa gələcək”.

Seçilən
58
7
modern.az

8Mənbələr