AZ

BSU Bank Respublikanın əməkdaşları üçün “İnklüziv bankçılıq” mövzusunda peşəkar inkişaf təlimi keçirib FOTO

Yanvarın 24-də Bakı Slavyan Universitetinin (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi çərçivəsində Bank Respublikanın rəsmi müraciətinə əsasən bankın Müştəri xidmətləri departamentinin əməkdaşları üçün  “İnklüziv bankçılıq”  peşəkar  təlim proqramı təşkil olunub.

“İki sahil” xəbər verir ki, təlim proqramının əsas məqsədi bank mühitində inklüzivlik anlayışının mahiyyətini izah etmək, müştəri davranışlarına fərqli baxış bucağından yanaşmanı formalaşdırmaq, eləcə də xidmət proseslərinin insan hüquqlarına əsaslanan, çevik və müştəriyönümlü yanaşma əsasında qurulmasının vacibliyini ön plana çıxarmaq olub.

Proqram iki modul üzrə həyata keçirilib. Birinci modulda “İnklüziv bank: müştəri mərkəzli yanaşma”, ikinci modulda isə “Müştəri xidmətində inklüzivlik: ünsiyyət, əlçatanlıq və təhlükəsiz xidmət” mövzularında ətraflı məlumat verilib.

Təlim zamanı “çətin”, “problemli”, “susqun” və “əsəbi” kimi xarakterizə edilən müştəri davranışlarının arxasında dayanan mümkün fiziki, psixososial və koqnitiv səbəblər izah edilib, inklüziv bankçılığın mərhəmət deyil, ədalət və funksionallıq prinsiplərinə əsaslanan xidmət standartı olduğu xüsusi vurğulanıb.

İnteraktiv formatda təşkil olunan proqram çərçivəsində iştirakçılar üçün situativ tapşırıqlar təqdim edilib, real iş mühitində qarşılaşılan hallara uyğun həll yolları müzakirə olunub. Təlimdə həm görünən, həm də görünməyən əlillik anlayışlarına diqqət çəkilərək inklüziv xidmətin eyni xidmətin fərqli üsullarla təqdim olunması olduğu qeyd edilib.

Təlimin sonda iştirakçılar arasında təlimlə bağlı məmnunluq sorğusu keçirilib. 

Qeyd edək ki, təlimin yekun görüşünün keçirilməsi, aparılan sorğunun nəticələrinin müzakirəsi və iştirakçılara sertifikatların təqdim olunması fevralın 4-də Bakı Slavyan Universitetində nəzərdə tutulur.

Seçilən
18
2
ikisahil.az

3Mənbələr