AZ

Keçmək bilməyən bu hal təhlükəli xəstəlikdən xəbər verir – DİQQƏT!

Qış mövsümünün gəlişi ilə birlikdə qrip və soyuqdəymə hallarında artım müşahidə olunur. Bu xəstəliklərin ən geniş yayılmış əlamətlərindən biri də burun axıntısıdır. Adətən bir neçə gün və ya maksimum bir-iki həftə ərzində keçib gedən bu hal bəzi insanlarda həftələrlə davam edir ki, mütəxəssislər məhz bu məqama diqqət çəkirlər.

“Yeni Sabah” xəbər verir ki, həkimlərin sözlərinə görə, üç həftədən artıq davam edən burun axıntısı artıq adi soyuqdəymə əlaməti hesab edilmir və mütləq araşdırılmalıdır. Xəstəlik simptomları aradan qalxsa da, burun axıntısının davam etməsi orqanizmdə başqa problemlərin mövcudluğuna işarə edə bilər.

Mütəxəssislər bildirir ki, davamlı burun axıntısının ən təhlükəli səbəblərindən biri onurğa beyni mayesinin sızmasıdır. Belə hallarda beyinlə burun boşluğu arasında əlaqə yarana bilər. Bu isə meningit kimi həyati təhlükə yaradan ağır xəstəliklərin inkişaf riskini artırır. Həkimlər vurğulayırlar ki, bu vəziyyət vaxtında aşkarlandıqda müalicə oluna bilir və ciddi fəsadların qarşısı alınır.

Davamlı burun axıntısının digər ciddi səbəbi isə burun boşluğunda və ya ətraf nahiyələrdə şişlərin olması ola bilər. Xüsusilə axıntının bir tərəfli olması, rənginin fərqli görünməsi, baş ağrısı, qoxu hissinin zəifləməsi kimi əlamətlər müşahidə edilirsə, bu zaman gecikmədən mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Bundan əlavə, xroniki sinusit, allergik rinit, burun çəpərinin əyriliyi və uzunmüddətli dərman istifadəsi də burun axıntısının uzanmasına səbəb ola bilər. Lakin həkimlər xəbərdarlıq edirlər ki, özbaşına müalicə və vaxt itirmək düzgün yanaşma deyil.

Mütəxəssislərin yekdil mövqeyinə görə, üç həftədən artıq davam edən burun axıntısı mütləq ciddiyə alınmalı, səbəbi dəqiqləşdirilməli və uyğun müalicə aparılmalıdır. Bu, həm sadə sağlamlıq problemlərinin, həm də daha ağır xəstəliklərin vaxtında aşkarlanmasına imkan yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
26
1
yenisabah.az

2Mənbələr