Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Məlumatı Baş nazirin ofisi yayıb.
Bildirilir ki, danışıq zamanı Ukraynada uzunmüddətli atəşkəsə doğru irəliləməyin vacibliyi barədə razılığa gəliblər:
"Liderlər davamlı atəşkəsə doğru irəliləyişin vacibliyi barədə razılığa gəliblər. Diplomatik səylər davam edərkən, Baş nazir beynəlxalq tərəfdaşların Ukraynanın müdafiəsində ona dəstək verməyə davam etməli olduqlarını təkrarlayıb".
Müzakirə həmçinin Starmerin "hökuməti üçün mütləq prioritet" adlandırdığı "Arktikada təhlükəsizliyin gücləndirilməsi zərurəti"nə də diqqət yetirilib.
Britaniya baş naziri həmçinin Trampın Əfqanıstandakı NATO qoşunları ilə bağlı təhqiramiz sözlərinə də toxunub. O, Əfqanıstanda çiyin-çiyinə vuruşan və bir çoxu heç vaxt evə qayıtmayan Britaniya və Amerika qoşunlarının cəsarət və qəhrəmanlığını qeyd edib, “onların fədakarlığını heç vaxt unutmamalı olduğumuzu deyib".