Karakas səmasında ABŞ tərəfindən ələ keçirilmiş Venesuela prezidenti Nikolás Maduro və həyat yoldaşı Siliya Floresin şəkli dronlarla əks olunub.
Publika.az xəbər verir ki, bu barədə görüntüləri "Cubadebate" portalı sosial şəbəkələrdən paylaşıb.
Qeyd olunur ki, paytaxt üzərində həmçinin “Biz qalib gələcəyik” sözləri də əks olunub. Başqa bir kadrdakı yazıda isə “Mən günahsızam. Mən əxlaqlı insanam və ölkəmin konstitusiyaya uyğun prezidentiyəm” ifadəsi görünür.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelaya hücum edib. Hücumdan sonra ABŞ Prezidenti Donald Tramp əməliyyatı uğurlu adlandırıb və bildirib ki, amerikalı hərbçilər Maduro və həyat yoldaşını ələ keçiriblər. Tutulan siyasətçi Nyu-Yorka aparılıb, orada ona narkoterorizm və digər cinayətlərdə ittihamlar irəli sürülüb. Ağ Ev rəhbəri vurğulayıb ki, Venesuela lideri artıq prezident deyil, ölkənin idarəsi isə səlahiyyətlərin təhvil verilməsinə qədər ABŞ-ın nəzarətindədir. Nyu-York məhkəməsində isə Maduro və Flores öz günahsızlıqlarını bəyan ediblər.