AZ

ABŞ-Azərbaycan yaxınlaşmasının PƏRDƏARXASI – İranla bağlı…

Nüfuzlu “Washington Post” qəzetində İranın və Güney Azərbaycanın gələcəyi haqqında maraqlı məqalə dərc olunub. Məqalənin müəllifi Hudson institunun Yaxın Şərq üzrə Sülh və Təhlükəsizlik mərkəzinin direktoru Maykl Dorandır. Müəllifin tezisləri Ağ Evin İran siyasətinin “yol xəritəsi”ni necə müəyyənləşdirməsi baxımından faydalıdır.

Məsələni NOCOMMENT.az-a şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, məqalədə ilk olaraq İranda farsların sadəcə Tehran və İsfahan ətrafındakı mərkəzdə cəmləşdikləri, ölkənin sərhəd boyu ərazilərində digər xalqların, o cümlədən azərbaycanlıların üstünlük təşkil etdiyi yazılıb:

“İkincisi, məqalə müəllifi İranda yaşayan azərbaycanlıların Türk-Azərbaycan kimliyinə daha çox maraq göstərdiyini, Azərbaycanın Avropa ilə interqasiyaya can atdığını, NATO standartlı ordusu olduğunu bildirib. Müəllif Azərbaycanın dünyəvi dövlət olmasından zövq aldığı bir vaxtda, İslam Respublikasının iqtisadi uğursuzluq və təcrid şəraitində olduğunu xatırladıb.

Üçüncüsü, müəllif İranda şiddətli daxili münaqişə baş verərsə, böyük ehtimalla Azərbaycanın və Türkiyənin İrandakı soydaşlarını qorumaq üçün müdaxilə etmək məcburiyyətində qala biləcəyini yazıb.

Dördüncüsü, müəllif başqa bir önəmli nəticəyə də gəlib. Onun sözlərinə görə, İranda yaşayan azərbaycanlılar indiki rejimlə yanaşı fars millətçi diktaturasının da əleyhinədir. Bu azərbaycanlıların keçmiş şahın oğlu Rza Pəhləvinin hakimiyyətə qayıdışı əleyhinə olmasına işarədir”.

Elxan Şahinoğlu

E.Şahinoğlu vurğulayıb ki, “Washington Post” qəzetində yayımlanan məqalədə Vaşinqtonun İranla bağlı planlar qurarkən Azərbaycan Prezidenti İlham Əliyevlə məsləhətləşmənin vacibliyi də qeyd edilib.

“ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq yüksək səviyyəyə qalxıb. ABŞ-nin vitse-prezidenti Ceyms Vens fevral ayında Azərbaycana və Ermənistana səfər edəcək. Tramp paylaşdığı son statusda Azərbaycanla tərəfdaşlığı gücləndirmək istədiyini yazıb. Ağ Ev sahibinin sözlərinə görə, ABŞ Azərbaycana müdafiə avadanlıqları satmağı planlaşdırır. ABŞ ilə tərəfdaşlığı gücləndirmək Azərbaycanın zəruri seçimidir. Rusiya və İrandakı şovinist dairələr bizə başqa seçim qoymadılar”.

“İran mühafizəkarları “Zəngəzur dəhlizinin əleyhinəyik” söylədikləri dönəmdə Vaşinqton “Zəngəzur dəhlizi olacaq” dedi və ötən ilin avqustun 8-də Ağ Evdə müvafiq saziş imzalandı. İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfəri zamanı bizi “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” sözləriylə təhdid etdiyi halda, Donald Tramp “Azərbaycanla tərəfdaşlığı gücləndirəcəyik” deyir. Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır.

Qonşularla təhdid dili ilə danışmaqda davam edən İran isə dəyişikliklərə məhkumdur. Bunu bircə qonşu ölkədəki mühafizəkarlar anlamaq istəmirlər, anlayanlar müxtəlif ssenarilərə hazırlaşırlar. “Washington Post” qəzetində nəşr olunan məqalə də bundan xəbər verir”, – politoloq vurğulayıb.

Seçilən
72
47
nocomment.az

10Mənbələr