AZ

Politoloq: “İranla bağlı təhlükə hələ sovuşmayıb”

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr apardıqdan sonra jurnalistlərin suallarına cavab verib.

İranlı nazir jurnalistlər vasitəsilə Tehranın mesajlarını çatdırmaq istəyib. “İrana hücum olarsa, müharibə sərhədləri aşacaq” – bu iranlı diplomatın səsləndirdiyi əsas mesaj olub.

Məsələni "Cebheinfo.az"-a şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, İran rəsmiləri hər zaman deyirlər ki, ABŞ Tehrana zərbə vurarsa, İran da Amerikanın bölgədəki hərbi bazalarına zərbələr endirəcək:

“ABŞ-nin Azərbaycanda hərbi bazası yoxdur, ancaq iki ölkə arasında tərəfdaşlıq münasibətləri formalaşıb. Azərbaycan qonşu ölkədə sabitlikdə maraqlıdır. Ancaq iranlı diplomatın sözlərindən belə çıxır ki, İranda müharibə nəticəsində sabitlik pozularsa, Tehran qonşu ölkələrə problem yaradacaq.

Bu açıq-aşkar təhdiddir. İranlı diplomat bunun ardınca “bəzi region ölkələrinin bunu başa düşdüyünü və bu təhlükə haqda ABŞ rəhbərliyini xəbərdar etdiyini bildirib” ifadəsini işlədib”.

“ABŞ Prezidenti Donald Trampı İrana zərbə vurmaqdan çəkindirməyə çalışan 4 dövlət – Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman olub. Ancaq ABŞ Prezidenti Donald Trampa bu haqda suala cavab verərkən, İrana zərbə endirməmək qərarını öz mülahizələrinə görə ertələdiyini deyib.

İranlı diplomat bölgə ölkələrinin ABŞ Prezidentinin qərarına təsir etdiyini və bu amilin müharibə təhlükəsini sovuşdurduğunu vurğulasa da, Ağ Ev sahibinin təlimatıyla Amerikanın bir neçə hərbi gəmisi İran sahillərinə yaxınlaşıb. Yəni İranla bağlı təhlükə hələ sovuşmayıb”, – politoloq yekunlaşdırıb.

"Cebheinfo.az"

Seçilən
27
4
cebheinfo.az

8Mənbələr