Şahbuzda istirahət mərkəzində 3 nəfərin boğulması ilə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Şahbuz Rayon Məhkəməsində istirahət mərkəzində 3 nəfərin boğularaq ölməsi faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
İttihama görə, 2025-ci il sentyabrın 4-də saat 22 radələrində Naxçıvan şəhər sakinləri 2011-ci il təvəllüdlü Ceyran Hüseynova, anası 1983-cü il təvəllüdlü Sevinc Hüseynova və nənəsi 1947-ci il təvəllüdlü Səkinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndində yerləşən fərdi yaşayış evində istirahət edərkən həyətyanı sahədəki gölməçədə kustar üsulla hazırlanmış üzən platforma aşıb. Nəticədə hər üç şəxs boğularaq ölüb.
İbtidai istintaqla müəyyən edilib ki, daşınmaz əmlakı icarəyə verməklə fərdi sahibkar kimi fəaliyyət göstərən Hikmət Qurbanlının vəzifəli şəxs kimi işə vicdansız və ya laqeyd münasibəti ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olub. Toplanmış sübutlar əsasında o, Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, yəni ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Şahbuz Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, platformanın kustar üsulla hazırlandığını, onun yükgötürmə qabiliyyətinin 6 nəfər olduğunu, lakin müştərilərin 8-10 nəfər minməsinə icazə verdiyini deyib. O, həmçinin platformadan istifadə ilə bağlı yazılı xəbərdarlıq lövhəsinin asılmadığını, təhlükəsizlik tələblərinin tam təmin edilmədiyini etiraf edib və peşman olduğunu bildirib. Təqsirləndirilən şəxs zərərçəkmişlərin hüquqi varisləri ilə barışdıqlarını, zərərin ödənilməsi üçün əlindən gələni etdiyini qeyd edərək yüngül cəza istəyib.