AZ

Transsərhəd çaylarda su səviyyəsinin azalması fonunda ADSEA hansı koordinasiya işlərini aparır?

Bakı, 23 yanvar, AZƏRTAC

Transsərhəd çaylarda su səviyyəsinin azalması fonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) beynəlxalq tərəfdaşlarla hansı koordinasiya işlərini aparır?

ADSEA-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum transsərhəd su mənbələrinin idarəsi üçün region ölkələri ilə məlumat mübadiləsi aparır və çay axınlarının davamlı istifadəsini təmin etmək üçün əməkdaşlıq edir.

“Azərbaycan su ehtiyatlarının 70 faizdən çoxunu transsərhəd çaylardan əldə edir. Asılılığın azaldılması məqsədilə bir neçə tədbir görülür: Gürcüstanla əməkdaşlıq çərçivəsində Kür və Qanıx (Alazan) çaylarının hövzələrində qarölçmə işləri aparılıb, Azərbaycan–İran arasında Araz çayı üzrə birgə komissiya fəaliyyət göstərir, Azərbaycan–Rusiya ilə Samur çayı üzrə əməkdaşlıq intensivləşdirilir. Transsərhəd suların çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi monitorinqlər keçirilir, 7 transsərhəd çaydan 252 nümunə götürülərək 4032 analiz aparılıb.

Bundan başqa, Azərbaycan BMT və digər beynəlxalq platformalarda transsərhəd suların idarə olunması və mühafizəsi məsələlərini gündəmə gətirir”, - deyə ADSEA-dan bildirilib.

Seçilən
79
azertag.az

1Mənbələr