AZ

Nəhəng və naməlum mənşəli orqanizm alimləri çıxılmaz vəziyyətdə qoydu

Science: Sirli Prototaxites nə göbələk, nə də bitkidir...

Poliqon xəbər verir ki, Science jurnalında dərc olunan yeni elmi araşdırmaya əsasən, Prototaxites adlanan nəhəng fosil strukturlar bu gün mövcud olan heç bir canlılar qrupuna aid deyil və tamamilə məhv olmuş, əvvəllər tanınmayan bir eukariot qolunu təmsil edir. Alimlərin fikrincə, bu orqanizm paleontologiyanın ən sirli tapıntılarından biri olaraq qalmaqda davam edir.

Məlumata görə, Prototaxites təxminən 400 milyon il əvvəl, silur dövrünün sonu və devon dövrünün əvvəlində mövcud olub. Həmin dövrdə Yer səthi əsasən ibtidai bitkilərlə, qatırquyruqları, qıjılar və onların qədim qohumları ilə örtülü idi. Bu fonda hündürlüyü 8 metrə çatan, budaqlanmayan nəhəng “gövdələr” xüsusilə seçilirdi və uzun müddət onların mənşəyi naməlum qalmışdı.

XIX əsrdə Kanadanın Qaspe körfəzi sahillərində tapılan ilk nümunələri geoloq Con Uilyam Douson çürümüş ağac qalıqları hesab etmiş və bu orqanizmi “ilk iynəyarpaqlı” adlandırmışdı. Lakin 2001-ci ildə ABŞ Milli Təbiət Tarixi Muzeyinin paleontoloqu Frensis Hyuber Prototaxites-in nəhəng göbələk ola biləcəyi qənaətinə gəldi. Uzun müddət bu yanaşma əsas versiya kimi qəbul olunurdu.

Sonrakı illərdə fosillərin mikrostrukturunun daha detallı araşdırılması bu hipotezə şübhələr yaratdı. Edinburq Universitetindən paleobotanik Aleksandr Heterinqtonun rəhbərlik etdiyi britaniyalı alimlər qrupu Prototaxites taiti növünə aid bir neçə nümunəni analiz edərək onun anatomik quruluşu və kimyəvi tərkibinin nə göbələklərə, nə bitkilərə, nə yosunlara, nə də mamırlara uyğun gəlmədiyini müəyyən edib.

Tədqiqatçılar bildiriblər ki, boruvari strukturların unikal quruluşu məlum göbələk anatomiyası ilə üst-üstə düşmür, kimyəvi “iz” bitkilər və yosunlar üçün xarakterik deyil, hüceyrə divarlarının mövcudluğu isə heyvani mənşəni istisna edir. Bu səbəbdən alimlər Prototaxites-i müasir canlıların heç bir xəttinə aid edə bilmədiklərini vurğulayıblar.

Araşdırma müəlliflərinin fikrincə, ən doğru yanaşma Prototaxites-i tamamilə məhv olmuş və əvvəllər təsvir edilməmiş eukariotlar qrupunun nümayəndəsi kimi qiymətləndirməkdir. Bu nəhəng orqanizmlərin nə üçün yoxa çıxması isə hələ də məlum deyil. Alimlər hesab edirlər ki, Prototaxites təkamülün saysız-hesabsız “təcrübələr” silsiləsi olduğunu və onların bir çoxunun bu günə heç bir canlı varis buraxmadığını xatırladır.

Poliqon.info

Seçilən
127
poliqon.info

1Mənbələr