“Fars” xəbər agentliyi məlumat yayıb ki, misli görünməmiş və genişmiqyaslı bir logistik əməliyyat nəticəsində 56 saat ərzində Çinin 16 hərbi yük təyyarəsi İrana enib.
Məlumatda bildirilib ki, Pekin və Tehran arasında strateji əməkdaşlığın əhəmiyyətli dərəcədə artdığını göstərən bu əməliyyat bu qədər qısa müddətdə indiyədək qeydə alınan ən böyük transferdir.
Qeyd olunub ki, Çin “Y-20 Kunpeng” kimi ağır strateji nəqliyyat təyyarələrindən istifadə etməklə sürətli şəkildə vacib hərbi texnika və ya personal yerləşdirmə əməliyyatı həyata keçirir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Çin təyyarələri İranda aksiyalar davam etdiyi vaxtlarda da görünmüşdü:
“Əsas ehtimallar İrana hava hücumundan müdafiə sistemlərinin və müasir texnologiyaların verilməsidir. Aksiyalar zamanı internetin tamamilə kəsilməsi və Starlink-in əngəllənməsi də məhz Çinin yardımı ilə həyata keçirilə bilər.
Venesuelada mövqelərini itirən Çin İranda da zərbəyə məruz qalmaq istəmir. Ona görə də hesab edirəm ki, İrana ciddi dəstək verəcək. ABŞ-nin İranı bombalamaqdan imtina etməsinin bir səbəbi də Çinin prosesdə Tehrana ciddi dəstək vermə ehtimalı ilə bağlı ola bilər.
Çin İran kimi neft ölkəsi olan müttəfiqini asanlıqla güzəştə getməz. Venesuela ilə İran arasında ciddi fərqlər var. İran ideoloji dövlətdir və Yaxın Şərqdə ABŞ-yə ciddi zərər vurma potensialına malikdir. Çin də hesab edir ki, İrana dəstək verməklə ABŞ-nin Yaxın Şərq regionundakı nüfuz dairəsi ilə bağlı problemlər yarada bilər”, – deyə siyasi şərhçi bildirib.
Atilla Rzasoy