"Report"un məlumatına görə, bu, Azərbaycan təmsilçisinin ötən gün Liqa mərhələsinin VII turunun oyununda Almaniyanın "Ayntraxt" (Frankfurt) komandasını məğlub etməsi sayəsində mümkün olub.
"Köhlən atlar" 7 turdan sonra 10 xalla 18-ci pillədə qərarlaşıb. Azərbaycan çempionunun növbəti mərhələyə yüksəlmək şansı öz əlindədir. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv VIII turda İngiltərədə keçiriləcək "Liverpul"la qarşılaşmada xal qazansa, digər görüşlərin nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edəcək.
"Qarabağ" "Liverpul"a uduzsa belə, pley-off şansı yüksəkdir. Yalnız 9 kollektivin "köhlən atlar"a çatmaq ehtimalı var. Bunlar 19-cu sıradakı "Marsel" (Fransa, 9 xal), 20-ci yerdəki "Bayer 04" (Almaniya, 9 xal), 21-ci mövqedəki "Monako" (Fransa, 9 xal), 22-ci pillədəki PSV (Niderland, 8 xal), 23-cü olan "Atletik" (8 xal), 24-cü "Olimpiakos" (Yunanıstan, 8 xal), 25-ci "Napoli" (İtaliya, 8 xal), 26-cı "Kopenhagen" (Danimarka, 8 xal) və 27-ci "Brügge"dir (Belçika, 7 xal).
28-ci sıradakı "Budyo Qlimt" (Norveç, 6 xal) və ondan aşağı pillələrdə yer alan digər klubların isə təmsilçimizə çatmaq şansı qalmayıb.
"Qarabağ" sonuncu turda məğlub olarsa, adıçəkilən 9 klubdan üçünün xal itirməsini gözləməlidir. Onlardan ən azı birinin xal itirəcəyi dəqiqdir. Çünki VIII turda "Marsel" Belçikada "Brügge"nin qonağı olacaq.

"Bayer 04" isə "Vilyarreal"ı (İspaniya) qəbul edəcək. 1 xalı olan qonaqlar artıq növbəti mərhələ şansını itirib.
"Monako" İtaliyanın "Yuventus" klubu ilə evdə qarşılaşacaq. "Qoca sinyora" 12 xalla 15-cidir və 1/8 finala vəsiqə uğrunda mübarizə aparır. Çünki Turin təmsilçisi 6–8-ci pillələri bölüşən rəqiblərdən cəmi 1 xal geri qalır. Nəzərə alaq ki, 7-ci pillədə qərarlaşan "Nyukasl" sonuncu turda 6-cı pillədə yer alan PSJ-nin qonağı olacaq. Hazırda hər iki kollektivin hesabında 13 xal var.
PSV-ni də ağır sınaq gözləyir. Eyndhoven təmsilçisi 18 xalla turnir cədvəlinin ikinci pilləsində olan Almaniyanın "Bavariya" klubunu qəbul edəcək.
"Atletik" isə doğma azarkeşləri önündə Portuqaliyanın "Sportinq" kollektivi ilə üz-üzə gələcək. Lissabon təmsilçisi 13 xalla 10-cudur və onların da ilk "8-lik" şansları mövcuddur.
"Olimpiakos" turnirdəki son iki görüşdən qalib ayrılan Niderlandın "Ayaks" komandasını qəbul edəcək. 6 xalı olan Amsterdam təmsilçisi qalib gələrək ən azı bu rəqibini geridə qoymağa çalışacaq.

"Napoli" VIII turda "Çelsi"ni (8-ci yer) qəbul edəcək. Bu görüş London klubu üçün də olduqca əhəmiyyətlidir. Çünki 6–13-cü yerləri bölüşən bütün komandaların hesabında 13 xal var. "Zadəganlar"ın ilk "8-lik"də yer alması, demək olar ki, öz əlindədir.
Bakıda "Qarabağ"a məğlub olan "Kopenhagen" əsas raundun son qarşılaşmasında İspaniya təmsilçisi "Barselona"nın qonağı olacaq. Kataloniyalılar 13 xalla 9-cu pillədə qərarlaşıb və hazırkı ölkə çempionu ilk "8-liy"ə düşməyi hədəfləyir. Belə ki, Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv 8-ci pillədəki "Çelsi", 7-ci "Nyukasl" və 6-cı PSJ ilə eyni xala malikdir.
Bütün bunları nəzərə alan "Football Meets Data" statistik platforması da "Qarabağ"ın "24-lüy"ə düşmək şansını 99,5 faiz göstərib. Ötən gün qazanılan qələbə sayəsində "köhlən atlar"ın növbəti mərhələyə yüksəlmək şansı 63,40 faiz artıb.
Qeyd edək ki, Liqa mərhələsində VIII turun matçları yanvarın 28-də keçiriləcək.
