İmişli rayonunda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 11 radələrində İmişli şəhəri Həzi Aslanov küçəsi ev 2-də qeydə alınıb.
Mürşüd Bağırova məxsus ümumi sahəsi 180 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə başlayan yanğın anidən güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində evin 45 kvadratmetr sahəsi yanıb, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.