AZ

“Davos forumu dərinləşən beynəlxalq böhran fonunda keçirilir”

“Davos iqtisadi-siyasi forumunun dünya siyasi nizamında yaranmış dərin böhran fonunda keçirilməsi qloballaşmanın hələ də aktual olduğunu göstərir. Lakin bu qloballaşma əvvəlki liberal məzmununu itirərək daha çox güc balansı və rəqabət üzərində formalaşır. Forum ABŞ və Avropa İttifaqı arasında yaranmış siyasi böhranın davam etdiyi, ənənəvi müttəfiqlərin artıq bir-birini rəqib kimi qəbul etdiyi bir mərhələdə baş tutur”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

Politoloqun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Davosda iştirakı ilə beynəlxalq müstəvidə ölkəsinin şəriksiz lider olduğunu və hər bir dövlətin ABŞ ilə hesablaşmalı olduğu mesajını verir:

“Bu kontekstdə Davos artıq klassik siyasi-iqtisadi əməkdaşlıq platformasından çıxaraq ABŞ–Avropa rəqabəti fonunda güc nümayişi meydanına çevrilir. Dünyanın siyasi nizamı dəyişir. Donald Trampın Davosda iştirakı təsadüfi deyil. O, ABŞ-nin beynəlxalq hüquqa deyil, yalnız ikitərəfli tərəfdaşlıqlara əsaslanan yeni xarici siyasət xəttini açıq şəkildə elan etməyə hazırlaşır. Bu yanaşma çoxtərəfli institutların zəifləməsi və yeni alternativ platformaların meydana çıxması ilə müşayiət olunur. Artıq Qəzza Sülh Forumunun beynəlxalq gündəmə gətirilməsi Davosa alternativ yeni bir qlobal platformanın formalaşdırılması cəhdidir. Bu, beynəlxalq münasibətlər sistemində yeni mərkəzlərin yarandığını göstərir. Azərbaycan Prezidenti də Davos forumunda iştirak edir”. 

M.Əsədullazadə bildirib ki, Cənubi Qafqazda yeni siyasi-iqtisadi nizamı formalaşdıran Azərbaycan artıq Asiya ilə Avropanı birləşdirən əsas geostrateji aktora çevrilib:

“Yeni dünya siyasi nizamı şəraitində həm Avropa, həm də ABŞ Azərbaycana ciddi siyasi və strateji dəstək verməkdə maraqlıdır. Prezidentin Davosdakı çıxışı Azərbaycanın yeni strateji baxışını ortaya qoydu. Bu strategiya təhlükəsizlik, enerji, nəqliyyat və sülh komponentlərini özündə birləşdirir. Azərbaycan məhz bu müstəvidə açıq, praqmatik və balanslı tərəfdaşlığa hazır olduğunu beynəlxalq ictimaiyyətə bəyan etdi”.

Vasif ƏLİHÜSEYN

Seçilən
4
3
adalet.az

4Mənbələr