AZ

"Biz həm də UEFA tərəfindən təyin edilmiş hakimlərlə mübarizə aparırıq" -Deputat

Ötən gecə baş tutan UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda təmsilçimiz "Qarabağ" Almaniyanın "Ayntraxt" klubu ilə üz-üzə gəlib. Oyun Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu oyunla bağlı təəssüratlarını Redaktor.az-a ilə bölüşdü:

"“Qarabağ”–“Ayntraxt” oyunu əzmkarılığın, qətiyyətin, mübarizliyin simvolu kimi yadda qaldı. Ancaq bir futbol oyununda bu keyfiyyətlər kifayət etmir. Futbol həm də yüksək peşəkarlıq, yüksək texnika tələb edən bir oyun növüdür. Ona görə də mənə elə gəlir ki, dünən bizim Tofiq Bəhramov adına stadionda izlədiyimiz “Qarabağ” futbol klubu, onun göstərdiyi futbol alın tərinin, əməyin, zəhmətin nəticəsi idi.

Əlbəttə ki, kollektiv oyun həm də kollektivdə ümumi ruhun, ümumi məqsəd üçün fədakarlığın olmasını tələb edir. Biz bütün bunların hamısını dünən sahədə gördük. Ən əsas məsələlərdən biri futbol komandasının ruhdan düşməməsidir. Oyun nə qədər mürəkkəb olursa olsun, rəqib nə qədər güclü olursa olsun, hesabda nə qədər geri düşürsənsə düş, amma oradan qayıdaraq yenidən qələbə əldə etmək şübhəsiz ki, bu, kollektiv ruhun da sağlam olduğunu göstərir. Bu da əldə etdiyimiz nəticəyə böyük təsir göstərmiş oldu".

Millət vəkili vurğuladı ki, məsələnin tamamilə fərqli bir tərəfi də var idi:

"Oyunu idarə edən hakimlərin ədaləti olduqca şübhə doğururdu. Mənə, bəlkə də bütün izləyicilərə elə gəlirdi ki, biz sadəcə rəqib komandanın oyunçuları ilə mübarizə aparmırıq, həm də UEFA tərəfindən təyin edilmiş hakimlərlə mübarizə aparırıq. Bu isə ikili standartların ya da selektiv yanaşmanın təkcə siyasətdə yox, idmanda da olduğunu göstərir. Bu əlbəttə ki, üzücüdür. Nəticə etibarilə idman bir dostluq hadisəsidir. Amma çox təəssüf ki, idmanda bu cür halların olması ürəkaçan deyil, idmanı da bir növ siyasətə alət etmiş olur. Bütövlükdə isə bu böyük qələbə futbol tariximizin ən mühüm qələbələrindən birinə çevrildi. Bu böyük qələbə Azərbaycan futbolunun inkişaf səviyyəsini göstərdi. Qələbə milli futbolumuzu bir daha böyük mənada təbliğ etmiş oldu, gənclərimizi futbol oyununa həvəsləndirmiş oldu ki, bu da Azərbaycan futbolunun gələcəyi baxımından olduqca mühüm əhəmiyyət daşıyır".

Aytəkin TOFİQQIZI

Seçilən
92
redaktor.az

1Mənbələr