Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycan Davos İqtisadi Forumu ilə sıx əməkdaşlıq edən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Davos İqtisadi Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ilk regional konfransı məhz Bakıda keçirilib. Eyni zamanda, Azərbaycan bu nüfuzlu platforma ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Xüsusilə rəqəmsal iqtisadiyyatın gücləndirilməsi sahəsində əməkdaşlıq diqqət çəkir. Davos İqtisadi Forumunun regiondakı Dördüncü Sənaye İnqilabı Mərkəzi də Bakıda fəaliyyət göstərir.
Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının rəqəmsallaşmasına mühüm töhfə verir.
“Azərbaycan Davos İqtisadi Forumuna və burada müzakirə olunan məsələlərə xüsusi önəm verir. Forumun rəhbərliyi də öz növbəsində Azərbaycanla əməkdaşlığa xüsusi diqqət ayırır. Bu isə qarşılıqlı fayda əsasında münasibətlərin getdikcə gücləndiyini göstərir. Bu əməkdaşlıq rəqəmsal inkişaf strategiyasının daha uğurla icrasına, eləcə də Davos İqtisadi Forumu vasitəsilə qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycana cəlb olunmasına və tətbiqinə imkan yaradır. Hazırkı dövrdə qlobal risklər və çağırışlar artmaqdadır. Davos İqtisadi Forumunun son hesabatlarında da qlobal geosiyasi risklərin yüksəlməsi xüsusi vurğulanır. Bu risklər fonunda Cənubi Qafqazda yeni geosiyasi nizam formalaşır. Həmin nizam Azərbaycanın birbaşa iştirakı və ölkəmizin müəyyənləşdirdiyi strategiya əsasında yaranır”, - deyə Vüqar Bayramov vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan Cənubi Qafqazda sülhə və sabitliyə töhfə verən əsas ölkədir. Ermənistanla benzin ixracı sahəsində əməkdaşlığın bərpası, eləcə də Azərbaycan ərazisi üzərindən Ermənistana daşınan yüklərlə bağlı mövcud qadağaların aradan qaldırılması bunu bir daha təsdiqləyir: “Bütün bunlar Azərbaycanın regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini genişləndirdiyini göstərir. Eyni zamanda, hazırda Azərbaycandan mavi qaz alan ölkələrin sayı 16-ya çatıb. Bu fakt Azərbaycanın regionun enerji təhlükəsizliyinə verdiyi töhfənin göstəricisidir. Bu baxımdan Davos İqtisadi Forumu ilə əməkdaşlıq, xüsusilə geosiyasi risklərin qabaqcadan qiymətləndirilməsi region və Azərbaycan iqtisadiyyatı ilə bağlı preventiv tədbirlərin görülməsinə də imkan yaradacaq”.