AZ

“Arzuladığımız velosipedi əldə etmişik, bundan sonra pedalları sürətlə fırlatmalıyıq”

“Yuventus”da son iki ay yarım ərzində baş verən dəyişikliklər göz qabağındadı.

"Football-plus.az" xəbər verir ki, A seriyasında 9-cu turdan sonra 15 xalla 7-ci yerdə olan komanda tədricən xal ehtiyatını artıraraq liderlər qrupuna yaxınlaşıb. Böhranın aradan qalxması isə Luçano Spallettinin məşqçilik bacarığı sayəsində mümkün olub. 66 yaşlı mütəxəssis “Kremoneze” üzərində qazanılan 5:0 hesablı qələbədən sonra jurnalistlərin aktual suallarını cavablayıb.

- Bu, ideyalarınızın manifest-matçı idi?
- Bu, futbolun bizə öyrətdiyi elmdi: çempionların istedadı və məşqçilərin intuisiyaları sayəsində imkanlar yaranır, İtaliyada isə indi bir çox istedadlı gənc mütəxəssis fəaliyyət göstərir. Biz oyunçulara matçların əsas qəhrəmanları olduqlarını və on ikili mübarizəni arxada qoymaq üçün bütün istedadlarını göstərməli olduqlarını anlamaq imkanı yaratmalıyıq. İtaliya futbolunda on ikili mübarizə meydanboyu baş verir. Kim mübarizədən qalib çıxırsa, komanda oyununa müsbət təsir edir və matçın gedişini dəyişir.

- İndi skudetto uğrunda mübarizə aparmaq imkanınız nə qədərdi?
- Arzuladığımız velosipedi əldə etmişik, bundan sonra pedalları mümkün olduğu qədər sürətlə fırlatmalıyıq. Çempionlar Liqasına çıxmağa can atan komandalara qarşı oynayırsansa, həqiqətən də meydanda özünü ən yaxşı tərəfdən göstərməlisən. Biz təbii halda irəliyə doğru hərəkəti davam etdirməli, bu mühitdə ambisiyalı olmalıyıq. Davamlı inkişafa can atmaq bizdən əvvəl yaşanmış tarixin bir hissəsidi. Bu əlamətdar tarixə qoşulmaqdan qorxmamalıyıq.

- Penaltilər haqda fikriniz necədi?
- Məncə, heç bir epizodda penalti yox idi. Hər iki vəziyyətin təkrarına diqqətlə baxdım, heç bir halda penaltilik qayda pozuntusu görmədim. Lokatelli topa toxunandan sonra ayağını epizoddan uzaqlaşdırmışdı.

- Makkennini rəqib qədər yaxşı tanıyırdız. Onun bu qədər universal olacağını, mövqeləri və meydandakı boşluqları yaxşı “oxuyacağını” gözləyirdiz?
- Hə. O, matçın əvvəlində imkanlarından bir qədər aşağı səviyyədə oynayırdı, amma sonra “artırmalı” olduğunu anladı. Ueston müasir futbolçuya xas keyfiyyətə malikdi: matçın gedişində sürəti artırmalı olduğunu anladı. O, istənilən mövqedə oynayan oyundaşı ilə əlaqə qurmaq qabiliyyətinə sahibdi. İkili mübarzədə də yaxşıdı, müasir futbolda isə çox sayda dueldən qalib çıxmaq tələb olunur. Ueston hər cür yaxşı xüsusiyyətlərə malikdi: həm hücum etməyi, həm də müdafiə olunmağı bacarır. Doğrudu, hərdən oyununda və qərar seçimində təmizlik çatmır, ancaq şəxsi duellərini, demək olar ki, həmişə qalib başa vurur. İstənilən rolda özünü çox yaxşı göstərir: sol cinah vingeri ola və qol vura bilir, sağ cinah müdafiəçisi kimi də oynayır və bu iki müxtəlif funksiyanı asanlıqla icra edir. Üstəlik belə fərqli funksiyalar onu hətta stimullaşdırır: gülümsəyir, mübarizəyə girir və qalib gəlir. Ondan tələb olunanı tam şəkildə yerinə yetirir. Çox güclü futbolçudu və mən onu kəşf etmirəm: hamı Makkennini çoxdan tanıyır.

- Siz Devidin gülüşünü də geri qaytarmısız. Ondan nə dərəcədə razısız? Hətta Koopmeyners də əvəzlənməzdən əvvəl gülümsəyir.
- Devid futbol oynamağı bacaran futbolçudu. Çox texnikalıdı, müxtəlif epizodlarda hansı qərarı verməli olduğunu yaxşı bilir. Qapı qarşısında soyuqqanlıdı, ona görə ki, qol vurmağı bacarır. Onun problemi heç də dözümlülüklə bağlı deyil, bu planda göstəriciləri əladı. Conatanın problemi son sürət və kəskinlik ilə bağlıdı. Baskirotto kimi müdafiəçi sərt mübarizəyə girərkən Devid üzərində təzyiq və fiziki təsir hiss edir. Amma komanda futbol oynayırsa və ona oyundaşlarıyla əlaqə qurmağa kömək edirsə, Conatan necə doğru qərar verəcəyini bilir. Bu futbolçu böyük şəxsiyyət və güclü xarakterin sahibidi.

- “İnter” – “Napoli” oyununa görə “Yuventus”u necə dəyərləndirirsiz? Bu rəqiblərlə mübarizəyə sona qədər tab gətirə biləcəksiz?
- Bu matçı diqqətlə izlədim. Hər iki komanda xoşuma gəlir. Hər ikisi yüksək səviyyəli futbol – açıq oyun, xarakter, şəxsiyyət bolluğu və ideyalar nümayiş etdirdi. Söhbət işini əla görən iki həmkarımdan gedir. Fikrimcə, onların səviyyəsinə çatmaq üçün inkişaf etməliyik. İrəliyə doğru daha bir neçə addım atmalıyıq. Özü də bunu sürətlə etməliyik. Çünki bir gün onlara qarşı oynamalı olacağıq. İndidən komandamızda buna böyük ölçüdə hazırlıq görürəm. Bu səbəbdən hazırkı səviyyəmizə nələrisə əlavə etmək imkanımız var.

- Milli komandadakı fəaliyyətindən sonra əsl, tikanlı Spalletti geri dönüb, yoxsa o, heç yana getməmişdi?
- Yox, məncə, az dəyişən adamam. Artıq çoxdan gənc sayılmıram, övladlarım bunu daim mənə xatırladırlar. Mənim üçün düşüncələrimi və müxtəlif hallara münasibətimi dəyişmək çətin mübarizədi. Amma dəyişməyə və zamana uyğunlaşmağa çalışmaq lazımdı. Belə ağıllı və güclü oyunçular isə hara qədər getməyin mümkün olduğunu anlamaq üçün vacib stimula çevrilirlər.

Seçilən
141
football-plus.az

1Mənbələr