Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirblər.
Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini deyiblər. Həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar.
Qeyd olunub ki, "Zayed İnsan Qardaşlığı Mükafatı" Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunub və Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, sabiq Prezidenti Şeyx Zayed bin Sultan Al Nəhyanın humanitar irsini və dəyərlərini təşviq edir.
Xoş sözlərə və dəvətə, həmçinin regionda sülhün bərqərar olunması istiqamətində Azərbaycanın səylərinin yüksək qiymətləndirilməsinə görə münsiflər heyətinə minnətdarlığını ifadə edən dövlət başçısı dəvəti məmnunluqla qəbul etdiyini vurğulayıb. Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.