Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” panelində çıxışı zamanı Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan yaxınlaşması haqda danışıb. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq həyata keçirilir.
Prezident bildirib ki, diplomatik münasibətlər həm Azərbaycanla Ermənistan, həm də Türkiyə ilə Ermənistan arasında eyni vaxtda bərqərar olacaq, bu isə regionda sinxron strategiyanın qurulduğunu göstərir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Tural İsmayılov deyib ki, Prezident İlham Əliyevin Davosda səsləndirdiyi fikirlər klassik diplomatik ritorikadan xeyli kənara çıxır və mahiyyət etibarilə Azərbaycanın regionla bağlı formalaşdırdığı yeni siyasi xəttin açıq təqdimatıdır:
“Burada söhbət sadəcə sülh çağırışından yox, Cənubi Qafqazda güc balansının yenidən qurulması cəhdindən gedir. Prezident açıq şəkildə göstərir ki, Azərbaycan üçün sülh abstrakt dəyər deyil, konkret nəticələr doğurmalı olan funksional mexanizmdir. Bu mexanizm regional kommunikasiyaların açılması, Türkiyə-Ermənistan normallaşmasının paralel aparılması və Ermənistanın geosiyasi təcriddən çıxmasının Bakı üçün faydalı formatda reallaşması üzərində qurulur.
Əliyevin yanaşmasında diqqət çəkən əsas məqam ondan ibarətdir ki, sülh prosesi təkcə ikitərəfli münasibətlərin yaxşılaşması kimi yox, regional transformasiyanın aləti kimi təqdim olunur. Azərbaycan bu mərhələdə emosional güzəştlərdən qaçır, əvəzində siyasi realizmə əsaslanan şərtlər irəli sürür. Ermənistanla münasibətlərin normallaşması yalnız bəyanatlar səviyyəsində qalarsa, bu, Bakı üçün maraqlı deyil”.
“Bu mövqe eyni zamanda beynəlxalq auditoriyaya ünvanlanmış mesajdır. Azərbaycan göstərir ki, regionda sabitlik kənardan diktə olunan ssenarilərlə yox, regional aktorların rasional razılaşmaları ilə mümkündür. Davos kimi qlobal platformada səslənən bu fikirlər Bakının artıq müdafiə mövqeyində olmadığını, prosesləri yönləndirən tərəfə çevrildiyini təsdiqləyir”- T. İsmayılov deyib
Atilla Rzasoy