AZ

Bu il yerli avtomobil istehsalının perspektivləri və innovativ imkanları daha da güclənəcək - AÇIQLAMA

Bakı, 21 yanvar, AZƏRTAC

Çin avtomobilləri əsasən 2000-ci illərin əvvəlindən etibarən Azərbaycana az sayda, müxtəlif distributerlər vasitəsilə gətirilirdi. Lakin bu avtomobillərə marağın formalaşmasında əsas dönüş nöqtəsi 2013-cü ilin sonu, 2014-cü ilin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Çin istehsalı avtomobillərə qarşı etimad yüksək deyildi. 2020-ci ildən etibarən isə Çin avtomobil sənayesi yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələdə avtomobillər artıq yalnız iqtisadi cəhətdən əlçatan olması ilə deyil, eyni zamanda, interyer və eksteryer dizaynı, texnoloji imkanları ilə də seçilməyə başladı. Nəticədə Çində və digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Çin avtomobillərinə maraq artdı.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib.

Onun sözlərinə görə, ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələri üçün tətbiq olunan və yanvarın 1-də başa çatan güzəştlər çərçivəsində idxal edilən avtomobillərin böyük əksəriyyətini məhz Çin istehsalı elektrik və hibrid avtomobillər təşkil edib. E.Əliyev qeyd edib ki, bu avtomobillərin qiymətinin və dizaynının vətəndaşlar üçün cəlbedici olması onların seçimində əsas rol oynayıb.

“Güvən məsələsinə gəlincə isə, alıcılar əsasən bazarda həmin avtomobillərin sayının çoxluğuna diqqət edərək qərar veriblər. Çin avtomobillərinin populyarlaşmasında rəsmi distribüterlərin də böyük rolu olub. Onlar geniş marketinq layihələrinə ciddi maliyyə vəsaiti ayıraraq bu avtomobillərə ictimai etimadın formalaşmasına nail olublar. Lakin təəssüf ki, güzəştlər dövründə ölkəyə gətirilən avtomobillərin əhəmiyyətli hissəsi fərdi şəxslər tərəfindən paralel idxal yolu ilə daxil olub. Bu isə Çin avtomobillərinin ümumi imicinə müəyyən mənfi təsir göstərib. Belə ki, rəsmi distribüter xətti ilə idxal olunan avtomobillər zəmanət və ehtiyat hissələri ilə təmin olunsa da, fərdi qaydada gətirilən avtomobillər zəmanətsiz satılıb. Nəticədə həmin avtomobilləri alan şəxslər onları rəsmi deyil, qeyri-peşəkar servislərdə təmir etdiriblər ki, bu da texniki problemlərin yaranmasına və avtomobillərə olan etimadın azalmasına səbəb olub. Bunun əksinə olaraq, rəsmi servislərdə istehsalçı zavodlar tərəfindən xüsusi təlimlər keçmiş mütəxəssislər tərəfindən xidmət göstərildiyindən, bu avtomobillərdə ciddi neqativ hallar müşahidə olunmayıb”, - deyə assosiasiyanın İdarə Heyətinin sədri vurğulayıb.

E.Əliyev əlavə edib ki, avtomobil alarkən düşünülmüş və rasional qərar vermək vacibdir. Bununla yanaşı, seçimini düzgün edən və Çin avtomobillərinə üstünlük verən istehlakçıların sayı kifayət qədərdir və bu, həmin avtomobillərin gələcək üçün böyük perspektivlər vəd etdiyini göstərir: “Çin avtomobil sənayesi sürətlə inkişaf edir. Qiymət, dizayn, interyer və eksteryer baxımından cəlbedici olması bu avtomobillərin bazar rəqabətinə davamlılığını artırır. Çin avtomobillərinin bazara daxil olması yalnız yerli deyil, eyni zamanda, Koreya, Yaponiya, Almaniya və ABŞ istehsalı avtomobillərin bazar payına da təsir göstərib. Bu proses xüsusilə 2024–2025-ci illərdə daha qabarıq müşahidə olunub. Bununla belə, cari ildə bazarda müəyyən dəyişikliklər gözlənilir. Yerli istehsalın perspektivləri və innovativ imkanları daha da güclənəcək. Bu səbəbdən Çin avtomobillərinin nə yerli, nə də digər ölkə istehsalçılarının bazar payını ciddi şəkildə ələ keçirəcəyini söyləmək düzgün olmaz. Bu il bazarda yerli istehsalla yanaşı, Koreya, Yaponiya və ABŞ istehsalı avtomobillərin də satış dinamikası aktiv şəkildə müşahidə olunacaq”.

 

Seçilən
95
azertag.az

1Mənbələr