AZ

Bakıya “1 qarşıq” qar yağdı, HƏYAT DAYANDI 

Bakıda ötən gün axşam saatlarından başlayan zəif qar yağışı paytaxtın gündəlik həyatını demək olar ki, iflic vəziyyətinə saldı. Sosial şəbəkələrdə ironik şəkildə “1 qaşıq qar” adlandırılan bu yağıntı bir daha göstərdi ki, Bakı hələ də ən elementar təbii hadisələrə belə hazır deyil. Bir neçə saatlıq qar şəhərin əsas və xüsusilə də ucqar ərazilərində nəqliyyatın hərəkətini iflic etdi, yollar buz bağladı, avtobuslar marşrutlardan çıxa bilmədi, minlərlə insan işə və evinə çata bilmədi.

Ən ağır vəziyyət yenə də şəhərin mərkəzindən kənarda – Yeni Günəşli, Binəqədi, Sabunçu, Suraxanı kimi ərazilərdə yaşandı. Bu zonalarda nə yollar vaxtında təmizləndi, nə də buzlanmaya qarşı hər hansı effektiv tədbir görüldü.

Avtomobillər sürüşərək yollarda qaldı, ictimai nəqliyyatın fəaliyyəti faktiki olaraq dayandı. Halbuki söhbət nə güclü qardan, nə də fövqəladə hava şəraitindən gedirdi. Sadəcə bir neçə santimetrlik qar Bakı üçün yenə “təhlükəli təbii fəlakətə” çevrildi.

İllərdir eyni mənzərə təkrarlanır. Bakı Şəhəri İcra Hakimiyyəti hər payız-qış mövsümü ərəfəsində “qışa tam hazırıq” açıqlamaları verir, texnika və canlı qüvvənin səfərbər olunduğunu bildirir. Lakin ilk qar yağışı bu bəyanatların kağız üzərində qaldığını ortaya qoyur. Nə yol infrastrukturu, nə drenaj sistemi, nə də nəqliyyatın təşkili real şəraitə uyğun planlaşdırılıb. Problem isə artıq hava şəraitində yox, idarəetmədədir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan şəhərsalma üzrə mütəxəssis Rəşad Qəniyev bildirir ki, Bakının qar qarşısında aciz qalması təsadüfi deyil və bunun kökündə sistemli şəhərsalma problemləri dayanır.

Onun sözlərinə görə, paytaxt son illər plansız şəkildə böyüyüb, yolların eni, yamacı, örtüyü və drenaj imkanları iqlim şəraitinə uyğun dizayn edilməyib:

“Bakı qar üçün deyil, sanki yalnız quru hava üçün layihələndirilib. Yol səthləri düzgün bucaq altında salınmayıb, su və qar ərintisi üçün çıxışlar yoxdur. Nəticədə cüzi qar belə buzlanmaya və xaosa səbəb olur”.

Rəşad Qəniyev qeyd edir ki, problem təkcə texnikanın vaxtında çıxmamasında deyil, ümumiyyətlə yanaşmadadır:

“Şəhər mərkəzi nisbətən tez təmizlənsə də, ucqar yaşayış massivləri sistematik şəkildə unudulur. Bu isə sosial ədalətsizlik yaradır “Yeni Günəşlidə, Binəqədidə yaşayan insan Bakının sakini deyilmi? Onların işə, məktəbə, xəstəxanaya getmək hüququ yoxdurmu? Şəhərsalma yalnız vitrin üçün yox, bütün şəhər üçün aparılmalıdır”.

Mütəxəssis əlavə edir ki, Bakı Şəhəri İcra Hakimiyyəti hər il eyni ssenarini təkrarlayır:

“Problem yaşanır, bir neçə gün sonra qar əriyir və məsələ unudulur. Nəticədə isə növbəti il yenə eyni xaos yaşanır. Əgər hər il eyni problem baş verirsə, deməli, bu artıq fövqəladə hal yox, idarəetmə böhranıdır”.

Tunar

Seçilən
106
1
nocomment.az

2Mənbələr