AZ

Nurat İlyas: Türk dünyasında mədəni əlaqələri praktik əməkdaşlıq vasitəsilə möhkəmləndirmək daha məqsədəuyğundur

Bakı, 21 yanvar, Günel Alıyeva, AZƏRTAC

AZƏRTAC Türk dünyasının nümayəndələri ilə söhbətlər silsiləsini davam etdirir, onlarla birlikdi müxtəlif ölkələrdə yaşayan, lakin oxşar dillərdə danışan, bir-birini ortaq mədəni kod vasitəsilə tanıyan xalqları nəyin birləşdirdiyini araşdırır.

Budəfəki müsahibimiz Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin Şərqşünaslıq fakültəsinin Türksoy kafedrasının baş müəllimi Nurat İlyasdır.

O qeyd edib: “Türk xalqlarını həqiqətən bir araya gətirə biləcək yeganə amil dil yaxınlığıdır. Bütün digər cəhətlərdən onlar arasındakı fərqlər olduqca əhəmiyyətlidir: bəzi xalqlar köçəri çöl mədəniyyəti ilə sıx təmasda inkişaf edib və xarakterik monqoloid xüsusiyyətlərinə malikdir, digərləri isə Yaxın Şərq və Qafqazın Hind-Avropa tiplərinə aiddir”.

Alimin sözlərinə görə, Orta Asiyanın türkdilli xalqları həqiqətən də bir-biri ilə sıx əlaqəli dillərdə danışır, lakin bu, mütləq mədəni homogenlik demək deyil. Məhz buna görə də o, dilin türkdilli xalqları birləşdirən yeganə real amil olduğuna inanır.

Nurat İlyas izah edib ki, ayrı-ayrı dil qrupları daxilində qarşılıqlı anlaşma kifayət qədər yüksəkdir: “Ümumiyyətlə, qıpçaq dil qrupunun nümayəndələri bir-birini yaxşı başa düşürlər. Eynisi oğuz və qarluq qruplarına da aiddir. Lakin, ayrı-ayrı xalqlar arasında tərcüməçi olmadan ünsiyyət qurmaq çətindir. Qazax və türk bir-biri ilə yalnız tərcüməçinin köməyi ilə tam ünsiyyət qura bilər və bu, obyektiv reallıqdır”.

Universitet müəllimi, həmçinin Türk dünyasının dini və sivilizasiya müxtəlifliyinə diqqət çəkib.

“Türk xalqları dini mənsubiyyətlərinə görə də fərqlənir. Onların arasında müsəlmanlar, xristianlar və şamanizmin ardıcılları da var. Bu xalqlar müxtəlif coğrafi bölgələrdə və fərqli geosiyasi şəraitdə yaşayırlar ki, bu da onların unikallığını formalaşdırır”, - deyə o vurğulayıb.

Nisbətən canlı qalan dəyərlərdən danışan müsahibimiz bir çox xalqlar arasında müxtəlif dərəcələrdə mövcud olan patriarxal ailə modelini də vurğulayıb. Lakin, onun qiymətləndirməsində mənzərə başqa cür, qeyri-bərabərdir: bəzi mədəniyyətlər ərəb dünyasından, digərləri fars dünyasından, başqaları isə rus dünyasından güclü təsirlənib.

“Onlar fərqli dinlərə etiqad edirlər, ona görə də mədəniyyətlərimizin tamamilə eyni olduğunu iddia etmək istəməzdim. Məsələn, musiqini götürək. Xakaslar, tuvalılar və qazaxlar kədərli, uzun intonasiyalarla zəngin Yaxın Şərq melodiyalarını qiymətləndirə bilməzdilər”, - deyə Nurat İlyas vurğulayıb. O, eyni zamanda, Türk dünyasına daha çox ortaq tarixi keçmiş və kollektiv yaddaş məkanı kimi baxmağı təklif edir. Bununla yanaşı, onun fikrincə, indiki mərhələdə mədəni əlaqələri praktik əməkdaşlıq - birgə layihələr, ticarət və real ünsiyyət platformaları vasitəsilə gücləndirmək daha məqsədəuyğundur.

Qazax mədəni ənənəsinin hansı xalqlarla ən çox yaxınlıq təşkil etdiyi sualına cavabında Nurat İlyas qeyd edib: “Ən yaxınları qırğızlar, başqırdlar, xakaslar, tuvalılar və əhəmiyyətli dərəcədə saxalar (yakutlar), eləcə də qaraqalpaqlar və noqaylardır. Qaraçay dili qazax dilinə yaxındır, lakin mədəni cəhətdən onlar əsasən Qafqaz ənənəsinə malikdirlər. Kumıklar Dağıstanda yaşayırlar; onların dili də qazax dilinə çox yaxındır. Tatarların və Krım tatarlarının dilləri də bizim dilimizə yaxındır”.

Şifahi ənənənin türk xalqlarının müasir ədəbiyyatına təsirini şərh edən həmsöhbətimiz vurğulayıb ki, bu, hər bölgədə fərqli şəkildə özünü göstərir. O əlavə edib: “Məsələn, Yaxın Şərqdə və Qafqazda yaşayan türk xalqları arasında İslam dəyərlərinin, eləcə də ərəb və fars mədəniyyətlərinin güclü təsirini aydın şəkildə görə bilərsiniz. Mən bunu nə yaxşı, nə də pis adlandırmıram; mədəniyyətdə “yaxşı” və ya “pis” kateqoriyaları yoxdur. Hər şey onu nə ilə müqayisə etməyinizdən asılıdır. Əgər onu çöl mədəniyyəti ilə müqayisə etsəniz, köçəri həyat tərzinin nəzərəçarpacaq təsirini görəcəksiniz. Atalar sözləri və mərsiyələr məhz bu mühitdə yaranıb, bizə və ədəbi ənənəmizə təsir etməyə davam edir”.

Qazax ədəbiyyatı ilə Türk dünyası arasındakı körpülərdən danışan müəllim tarixi romanların əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu janrda yazan bir sıra müəlliflərin əsərləri digər türk xalqlarının dillərinə tərcümə olunub. Digər mövzularda da əsərlər var.

Nurat İlyas qeyd edib: “Çingiz Aytmatovun əsərləri qədər geniş oxunmasa da, sosial məsələlərə və ictimai reallıqlara toxunan yazıçıların əsərlərinin də tərcümə olunduğu və Türk dünyasında oxucu auditoriyası tapdığı məlumdur”.

O, Azərbaycan ilə Qazaxıstan arasında oxşarlıqlar barədə suala cavab olaraq qeyd edib ki, hər iki ölkə gənc müstəqil dövlətlərdir və Xəzər dənizinin əks tərəflərində yerləşir: “Azərbaycan Cənubi Qafqazın əsas ölkələrindən biridir və ümumi daxili məhsula görə regionda birinci yerdədir. Həmçinin böyük hərbi potensiala malikdir. Onun geostrateji mövqeyi də az əhəmiyyət kəsb etmir: Azərbaycanın Xəzər dənizinə çıxışı var, Rusiya ilə İranı birləşdirən beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizində yerləşir. Ölkə, həmçinin Xəzər dənizindən keçən Orta Dəhlizdə əsas rol oynayır”.

Müsahibimizin sözlərinə görə, hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və bu kontekstdə, o cümlədən Avropa bazarlarına çıxışın alternativi kimi ticarətin inkişaf etdirilməsi xüsusilə vacibdir.

Qazaxıstan və Azərbaycan poeziyasını bir araya gətirə biləcək mövzulardan danışan Nurat İlyas oxşarlıqları bir neçə səviyyədə araşdırmağı təklif edib, bunların arasında Vətən və torpaq hissini vurğulayıb. Vətən, torpaq, çöl, dağlar, Xəzər dənizi və əcdad torpağı mövzuları Azərbaycan və Qazaxıstan poeziyasında güclüdür. Bu obrazlar, xüsusən də Cahangir Cahangirovun şeirlərində aydın şəkildə özünü göstərir. Köçərilik və yaddaş mövzusu da ön plandadır. Qazax poeziyasında köçəri həyat tərzi, çöl, açılmış qanadlar və azadlıq mövzuları üstünlük təşkil edir. Azərbaycan poeziyasında köçərilik xatirəsi xalqın keçmişi ilə bağlı tarixi və mədəni yaddaş kimi ön plana çıxır. Hər iki ənənədə mühüm yer tutan sevgi mövzusu da geniş şəkildə tərənnüm olunur.

 

Seçilən
92
azertag.az

1Mənbələr