Çərşənbə axşamı Afinada Yunanıstanın müdafiə naziri Nikos Dendias və İsrail müdafiə naziri Yisrael Katz arasında keçirilən görüşdə Türkiyəni hədəf alan müzakirələr aparıldığı üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın "Nemesis" qəzeti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı İsrail Afinaya hava üstünlüyü, ballistik raketdən müdafiə, dəqiq idarə olunan raket hücum imkanları və qabaqcıl anti-dron sistemlərini əhatə edən hərtərəfli təklif təqdim edib. Həmçinin, Afinaya İran hücumlarında istifadə edilən Təl-Əvivə məxsus texnologiyaların Yunanıstanın F-35 qırıcı təyyarələrinə inteqrasiyası təklif edilib.
Görüşün əsas mövzularından birinin LORA ballistik raketləri olduğu vurğulanıb: "Bu raketlər strateji dərinlikdə yüksək dəqiqliklə zərbə endirmək imkanı təklif edir və inkişaf edən Türkiyə ballistik raket proqramına qarşı vasitə hesab olunur. Yunanıstan raketlə maraqlanarsa, İsrail ilk növbədə birgə istehsal da daxil olmaqla bütün variantları müzakirə etməyə hazırdır".
