AZ

Azərbaycan və “Carlsberg”: dayanıqlı inkişaf naminə qarşılıqlı faydalı əməkdaşlıq

Bakı, 20 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Azərbaycanın “Carlsberg” ilə əməkdaşlığı dövlət və biznes maraqlarının nəinki üst-üstə düşdüyü, həm də bir-birini gücləndirdiyi uğurlu qarşılıqlı inteqrasiya strategiyasının nümunəsi kimi qiymətləndirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu cür kooperasiya dayanıqlı iqtisadi artım, texnoloji tərəqqi və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi üçün şərait yaradır.

Yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Söhbət zamanı məhsulların tam şəkildə yerli xammal əsasında istehsalı üzrə bir sıra layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub və gələcəkdə qablaşdırma materiallarının istehsalının da tam lokallaşdırılacağı anons edilib. Görüşdə 2025-ci ildə Azərbaycanda “Carlsberg Group” tərəfindən istehsal olunan məhsulların ixracının əhəmiyyətli dərəcədə artırılacağı vurğulanıb.

“Carlsberg” 1847-ci ildə əsası qoyulmuş, baş ofisi Danimarkada yerləşən, dünyanın ən iri pivə istehsalçısı şirkətlərindən biridir. Şirkət pivə və alkoqolsuz içkilərin istehsalı ilə tanınır və “Carlsberg”, “Tuborg”, “Holsten”, “Kronenbourg 1664” və digər məşhur brendlərə sahibdir. “Carlsberg Group” dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərir və təxminən 140 pivə zavoduna nəzarət edərək məhsullarını daxili və xarici bazarlara tədarük edir. Şirkət təkcə içki istehsalına deyil, həm də innovasiyalara, dayanıqlı inkişafa, ekoloji proqramlara və korporativ sosial məsuliyyətə yönəlib.

Bu kontekstdə Azərbaycanda “Carlsberg” tərəfindən istehsal olunan məhsulların ixracının artması xüsusi əhəmiyyət daşıyır. Bu fakt ölkənin beynəlxalq bazarlara çıxış və regional məhsul tranzitinin inkişafı üçün etibarlı platformaya çevrilə bildiyini göstərir. Şirkətin daxili və xarici bazarlardakı uğuru Azərbaycanı xarici investorlar üçün əlverişli şəraitə malik dövlət kimi möhkəmləndirir ki, bu da ölkəyə sabit və açıq iqtisadiyyat kimi etimadı artırır. Dünya səviyyəli beynəlxalq brendin mövcudluğu ölkədə istehsal standartlarını və məhsul keyfiyyətini yüksəltməklə yanaşı, Azərbaycanı potensial investisiya məkanı kimi nəzərdən keçirən digər transmilli şirkətlər üçün də müsbət presedent yaradır.

“Carlsberg” üçün isə Azərbaycan sabit və keyfiyyətli xammal mənbəyi, həmçinin qablaşdırma materiallarının istehsalı da daxil olmaqla tam istehsal üçün strateji əhəmiyyət daşıyır. İstehsalın lokallaşdırılması şirkətə logistika xərclərini azaltmağa, idxal komponentlərindən asılılığı minimuma endirməyə və istehsal prosesinin idarəolunmasını yaxşılaşdırmağa imkan verir. Bundan əlavə, sabit istehlaka malik artan daxili bazar satışların artırılması və brendin genişləndirilməsi üçün perspektiv yaradır. Coğrafi mövqeyi və logistika əlaqələri sayəsində Azərbaycan MDB ölkələrinə və Yaxın Şərqə regional ekspansiya imkanları da açır ki, bu da ölkəni “Carlsberg”in uzunmüddətli beynəlxalq strategiyası üçün əhəmiyyətli edir.

Daha geniş iqtisadi kontekstdə “Carlsberg” ilə əməkdaşlıq multiplikativ effektə malikdir, belə ki, bu əməkdaşlıq kənd yerlərində və sənayedə iş yerlərinin yaradılmasını stimullaşdırır, vergi daxilolmalarını artırır, ixrac potensialını möhkəmləndirir və qablaşdırma, nəqliyyat və xidmət sahələri də daxil olmaqla əlaqəli sahələrin inkişafına töhfə verir. Sosial əhəmiyyət baxımından birgə layihələr yerli mütəxəssislərin təlimi və ixtisaslarının artırılması üçün yeni imkanlar yaradır ki, bu da müasir əmək infrastrukturunun formalaşmasına və ümumi istehsal mədəniyyətinin yüksəldilməsinə xidmət edir.

Seçilən
68
azertag.az

1Mənbələr