Ermənistan Xarici Kəşfiyyat Xidməti "Xarici Təhlükəsizliyə Risklər Haqqında İllik Hesabat"ını dərc edib.
Hafta.az yazır ki, hesabatda intensiv danışıqlar nəticəsində 2025-ci ildə sülh müqaviləsinin paraflanması və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasından sonra hərbi gərginlik ehtimalının əhəmiyyətli dərəcədə azaldığı, sülh yolu ilə həll ehtimalının isə artığı qeyd edilib.
Hesabatda Ermənistanla Azərbaycan arasında hərbi gərginliyin 2026-cı ildə çox aşağı ehtimal olunduğu, il ərzində sərhədlərin demarkasiyası, ikitərəfli ticarət və iqtisadi təşəbbüslər, iki cəmiyyət arasında dialoq, humanitar və digər sahələrdə irəliləyiş ehtimalının yüksək olduğu vurğulanır.
Bundan başqa, regional nəqliyyat infrastrukturunun açılması ilə bağlı davam edən proseslərdə irəliləyiş əldə ediləcəyi və Ermənistanın qonşuları ilə ikitərəfli əlaqə təşəbbüslərinin daha böyük regional iqtisadi layihələri dəstəkləyəcəyi vurğulanır. Qeyd olunur ki, Ermənistanla Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələrinin yenidən qurulması insanların, malların və xidmətlərin daha sürətli və daha ucuz hərəkətini təmin edəcək, bununla da regionun rəqabət qabiliyyətini və beynəlxalq cəlbediciliyini artıracaq. Həmçinin bildirilir ki, Qars-Gümri dəmir yolu xəttinin açılması, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) (Zəngəzur dəhlizi) həyata keçirilməsi regional ticarətin genişləndirilməsi üçün əhəmiyyətli iqtisadi və logistik imkanlar yaradacaq.