AZ

Deputat: “İlham Əliyev 20 Yanvar şəhidlərinin adını daim uca tutur”

"Azərbaycan tarixinə "Qara Yanvar" kimi daxil olan, 20 Yanvar hadisələri həm də bizim xalqımız üçün bir qürur və iftixar mənbəyidir. Bu faciəli hadisədən 36 il keçməsinə baxmayaraq, o qanlı gecəni, həmin günləri xalqımızın dönə-dönə xatırlayır. Xalqımız şəhidlərimizin ruhunu yad edir, onlara sonsuz hörmət və ehtiramını ifadə edir".

Bunu Azərbaycan tarixinə “Qanlı Yanvar” kimi daxil olmuş, 1990-cı il 20 Yanvar hadisələrinin 36-cı ildönümü ilə əlaqədar “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O qeyd edib ki, şəhidlərimizin getdiyi yol bizim azadlıq və müstəqillik yolumuzdur:

“Məhz onlar bu ali amallar və ideyalar uğrunda öz canlarını qurban verdilər. İmperiyanın tankları və güllələri qarşısında susmadılar, haqq səslərini dünyaya yaydılar. Azərbaycanın ərazi bütövlüyünü və azadlığını təsdiq etmək naminə həyatlarını qurban verdilər. Buna görə də biz həmin “Qanlı Yanvar”la fəxr edir, qürur duyuruq. İgidlərimizin, şəhidlərimizin ruhu şeirlərdə, mahnılarda, poemalarda və saysız-hesabsız əsərlərdə əbədiləşdirilir.

Ən vacib əsər isə insanların qəlbindədir, onlara olan sonsuz hörmət və rəğbətdir. Son günlər 100 minlərlə insanın Şəhidlər xiyabanına üz tutması, burada uyuyanların məzarlarını ziyarət etməsi xalqımızın şəhidlərimizə göstərdiyi dərin hörmət və ehtiramın bir ifadəsidir".

O bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin adını daim uca tutur, onların xatirəsini yad edir:

"Dövlət başçısı müstəqilliyimiz uğrunda canlarını qurban verənlərin xatirəsini dönə-dönə anmaqla gələcək nəsillərə mühüm bir tərbiyəvi mesaj verir. Bu gün vəzifəsindən və mövqeyindən asılı olmayaraq hər kəsin Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərə ehtiramını bildirməsi mənəvi borc hesab olunur. Ona görə də bu gün bizim üçün çox əzizdir".

Deputat əlavə edib ki, biz şəhidlərimizi yad etməklə yanaşı, eyni zamanda imperializmə, insan qatillərinə qarşı öz dərin nifrətimizi də nümayiş etdiririk:

"Əliyalın insanlara, qocalara, gənclərə, uşaqlara qarşı qəsd etmək, onları gülləbaran etmək bəşəriyyətə, humanizmə və ümumbəşəri dəyərlərə tamamilə yad bir əməldir və nifrətlə damğalanmalıdır. Təəssüflər olsun ki, rus imperializmi bu dəyərlərə lazımi qiymət vermədi, Azərbaycan xalqının haqq səsini boğmaq üçün ən çirkin üsullara əl atdı.

Məhz bu qanlı hadisələrə vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək açıq etirazını bildirdi. O, ittifaqın o dövrkü rəhbərliyini, xüsusilə də Mərkəzi Komitənin baş katibi Mixail Qorbaçova sonsuz nifrətini ifadə etdi, törədilən cinayətkar əməllərə siyasi və mənəvi qiymət verdi".

Tahir Rzayev vurğulayıb ki, Şəhidlər xiyabanına kütləvi ziyarətlər xalqımızın şəhidlərə hörmətinin göstəricisidir:

"Azərbaycan xalqı öz şəhidlərinin xatirəsini əziz tutan, onların adını uca tutan bir xalqdır. Son günlər Şəhidlər xiyabanına 100 minlərlə insanın axın-axın gəlməsi, şəhidlərin məzarları üzərinə qoyulan sonsuz qırmızı qərənfil dəatələri bunun bariz sübutudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

Seçilən
142
cebheinfo.az

1Mənbələr