AZ

Ümumxalq Hüzn Günü – 20 Yanvar Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan xalqının milli yaddaşında silinməz iz qoyan 20 Yanvar faciəsi XX əsrin ən qanlı və eyni zamanda, ən şərəfli səhifələrindən biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı şəhərində və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi hərbi təcavüz nəticəsində yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilib, minlərlə şəxs yaralanıb. Bu faciə Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda mübarizəsinin qanlı, lakin qürurverici mərhələsi kimi tarixə düşüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, hələ 1980-ci illərin sonlarında SSRİ-də baş verən ictimai-siyasi proseslər, milli azadlıq hərəkatlarının güclənməsi və Azərbaycan xalqının öz müqəddəratını təyin etmək istəyi mərkəzi sovet hakimiyyətini ciddi narahat edirdi. Xalqın legitim tələblərini dinc yollarla ifadə etməsinə baxmayaraq, totalitar rejim bu istəklərə zorakılıqla cavab verib, Bakıya və digər şəhərlərə fövqəladə vəziyyət elan edilmədən çoxsaylı hərbi qüvvələr yeridilib. Sovet ordusunun tanklar, zirehli texnika və ağır silahlarla həyata keçirdiyi əməliyyatlar nəticəsində qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə günahsız insan qətlə yetirilib. Bu hadisələr beynəlxalq hüququn, insan haqlarının və humanitar dəyərlərin kobud şəkildə pozulmasıdır.

“20 Yanvar faciəsi yalnız böyük bir hüzn günü deyil, eyni zamanda, Azərbaycan xalqının sarsılmaz iradəsinin, milli birliyinin və azadlıq əzminin parlaq təzahürüdür. Həmin qanlı gecədə xalq öz haqq səsini susdurmağa çalışan imperiya siyasətinə qarşı əyilməyib, müstəqillik yolundan geri çəkilməyib. 20 Yanvar hadisələrinə ilk dəfə açıq və qəti siyasi-hüquqi qiymət verən isə Ümummilli Lider Heydər Əliyev olub. O, 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək, sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti kəskin şəkildə pisləyib və hadisəyə hüquqi-siyasi qiymət verib. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verən qərar qəbul edilib. Daha sonra 1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olunub və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, həmçinin Bakı şəhərində xatirə kompleksinin yaradılması tapşırılıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 31 mart tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilib. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olan və həmin hadisələr nəticəsində aldığı xəsarətdən vəfat edən şəxslər (ölümündən sonra) təltif olunublar. Fəxri ad Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında verilir. Bu gün də həmin Fəxri adla təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər. Ümummilli Lider Heydər Əliyevdən sonra onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Bundan başqa, Prezident İlham Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Bununla yanaşı, əlilliyi olan şəxslərə əlilliyə görə pensiya və ya müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də ödənilir”, - deyə deputat vurğulayıb.

P.Vəliyeva 20 Yanvar şəhidlərinin xatirəsinin Azərbaycan xalqı tərəfindən hər il dərin ehtiramla yad edildiyinə diqqət çəkib: “Şəhidlər xiyabanı milli müqəddəslik məkanına çevrilib, azadlıq uğrunda canından keçənlərin əziz xatirəsi daim uca tutulub. Bu gün Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir, onların sosial müdafiəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. 20 Yanvar – Ümumxalq Hüzn Günü Azərbaycan tarixində həm böyük faciə, həm də milli qürur günüdür. Bu gün biz azadlıq yolunda şəhid olan həmvətənlərimizi dərin hüzn və ehtiramla anır, onların müqəddəs xatirəsi qarşısında baş əyirik. 20 Yanvar şəhidlərinin qanı bahasına əldə edilən müstəqillik bu gün güclü, suveren və qalib Azərbaycanın əsas dayaqlarından biridir”.

Seçilən
39
8
azertag.az

10Mənbələr