Milli.Az xəbər verir ki, paytaxt Praqada keçirilən kabinet iclasından sonra mətbuat konfransı təşkil edən Babis Çexiyanın digər 8 Avropa ölkəsinin Qrenlandiya ilə bağlı ortaq bəyanatına niyə qoşulmadığını izah edib.
Babis bildirib ki, NATO daxilində lider dövlət ABŞ-dir və bu cür qarşıdurmalar əks-təsir yaradır.
Baş nazir Trampın Qrenlandiya məsələsində Rusiya və Çinin bölgədəki fəaliyyətlərinə dair arqumentlərini "yerində" olduğunu qeyd edib.
Çexiyanın "Novinky" xəbər saytının "Babis: Çexiya Qrenlandiyanı müdafiə edə bilməz" başlığı ilə çıxış etməsi Baş naziri qəzəbləndirib. O, "X" (Twitter) hesabında medianı "manipulyasiya"da ittiham edərək bunları yazıb:
"Biz quru bəyanatları deyil, dialoqu müdafiə edəcəyik. Xarici siyasət sosial mediada kimin daha sərt söz deməsi ilə deyil, diplomatiya ilə bağlıdır."
Xatırladaq ki, Donald Tramp Qrenlandiyanın ABŞ-nin milli təhlükəsizliyi və qurulmaqda olan "Qızıl Qübbə" müdafiə sistemi üçün həyati önəm daşıdığını iddia edir. Tramp adanın satılmasına qarşı çıxan və oraya hərbi dəstək verən 8 Avropa ölkəsini (Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, İngiltərə, Hollandiya və Finlandiya) gömrük rüsumları ilə hədələyib:
1 fevral 2026: 10% gömrük vergisi.
1 iyun 2026: Vergi dərəcəsinin 25%-ə qaldırılması.
Danimarka Krallığına bağlı muxtar bölgə olan Qrenlandiya ABŞ-nin suverenliyin ötürülməsi ilə bağlı bütün təkliflərini qətiyyətlə rədd edib. Buna cavab olaraq Danimarka müttefiqləri ilə bölgədə hərbi əməkdaşlığı artıracağını və əraziyə zabit heyəti göndərəcəyini açıqlayıb.