AZ

Ekspert: Azərbaycan Tacikistan üçün yeni Avrasiya tranzit məkanının dayaq dövlətidir - MÜSAHİBƏ

Bakı, 19 yanvar, Tamilla Məmmədova, AZƏRTAC

Qlobal və regional transformasiyalar fonunda Avropa ilə Asiya arasında yerləşən ölkələr getdikcə daha çox yeni qarşılıqlı əlaqə nöqtələri, strateji tərəfdaşlıqlar və beynəlxalq iqtisadi və nəqliyyat zəncirlərinə inteqrasiya imkanları axtarırlar. Bu kontekstdə Azərbaycan və Tacikistan siyasi dialoqu, iqtisadi təşəbbüsləri və humanitar layihələri birləşdirərək ənənəvi diplomatiya çərçivəsindən kənara çıxan əməkdaşlıq modeli formalaşdırırlar.

Bu gün iki ölkə arasında ikitərəfli münasibətləri milli maraqların və uzunmüddətli strateji məqsədlərin regional infrastrukturun, energetikanın və ticarətin inkişafına yönəlmiş praktiki vəzifələrlə necə üzvi şəkildə uzlaşdırıla biləcəyinin nümunəsi kimi qiymətləndirmək olar. Onların qarşılıqlı fəaliyyəti ortaq mədəni köklərə və xarici siyasətdə praqmatik yanaşmaya malik ölkələrin qlobal dəyişikliklər dövründə yeni tərəfdaşlıq formatları yarada bildiyini nümayiş etdirir.

Bütün bunlar barədə AZƏRTAC-ın suallarını Mərkəzi Asiyada regional təhlükəsizlik məsələləri üzrə ekspert, tacik politoloq Rüstəm Əzizi cavablandırır.

- Regional və qlobal siyasətdə dəyişikliklər fonunda Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan-Tacikistan münasibətlərini müasir mərhələdə yetkin, sabit və strateji yaxınlaşma mərhələsində olan münasibətlər kimi xarakterizə etmək olar. Bu qarşılıqlı fəaliyyət Cənubi Qafqaz və Mərkəzi Asiyanın artıq təcrid olunmuş regionlar deyil, vahid geosiyasi və iqtisadi məkanın qarşılıqlı əlaqəli elementləri kimi qəbul edildiyi yeni regional və qlobal reallıqlara üzvi şəkildə uyğunlaşır. Bu kontekstdə Bakı ilə Düşənbə arasında əməkdaşlıq ənənəvi ikitərəfli dialoqun çərçivəsindən kənara çıxaraq əlavə siyasi, iqtisadi və humanitar perspektivlər qazanır.

Tacikistan üçün Azərbaycan etibarlı və sabit tərəfdaşdır, belə ki, o, yalnız öz suverenliyini uğurla qoruyub regional rolunu möhkəmləndirməklə kifayətlənməyib, həm də səmərəli və çevik çoxvektorlu xarici siyasət modeli formalaşdırıb. Bu praktiki təcrübə mürəkkəbləşən beynəlxalq vəziyyət və iri oyunçular arasında maraq rəqabətinin artdığı şəraitdə xüsusilə qiymətlidir. Məhz buna görə Azərbaycan Tacikistan da daxil olmaqla Mərkəzi Asiya dövlətləri üçün cəlbedici tərəfdaş kimi qəbul edilir. Tacikistan dəyişən dünyada xarici iqtisadi əlaqələrin genişləndirilməsində, beynəlxalq əməkdaşlığın diversifikasiyasında və yeni inkişaf nöqtələrinin axtarışında maraqlıdır.

- Son illərdə Azərbaycan və Tacikistan arasında əməkdaşlığın hansı əsas mərhələlərini daha əhəmiyyətli hesab edirsiniz?

- İkitərəfli münasibətlərin inkişafında əsas dönüş nöqtəsi 2023–2024-cü illər oldu. Belə ki, bu dövrdə siyasi dialoq keyfiyyətcə yeni səviyyəyə yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ildə Düşənbəyə səfəri və Tacikistan Prezidenti Emoməli Rəhmonun 2024-cü ilin mayında Bakıya dövlət səfəri strateji tərəfdaşlığın möhkəm əsasını qoydu. Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması bu prosesin məntiqi yekunu oldu. Düşənbə üçün bu addım Azərbaycanın əsas regional güc və tranzit mərkəzi kimi artan rolunun tanınması, həmçinin qarşılıqlı siyasi siyasi etimadın təsdiqi demək idi.

- Yaxın illərdə iqtisadi əməkdaşlığın hansı istiqamətlərində daha böyük potensial görürsünüz?

- Tacikistan nöqteyi baxımından yaxın illərdə iqtisadi əməkdaşlığın ən böyük potensialı energetika, nəqliyyat, sənaye kooperasiyası və dağ-mədən sektorunda cəmlənir. Tacikistan böyük təbii və insan resurslarına malikdir, lakin xarici bazarlara, investisiyalara və müasir idarəetmə təcrübələrinə daha geniş çıxışa ehtiyac duyur. Bu kontekstdə iri energetika və infrastruktur layihələrinin icrasında ciddi təcrübəyə malik Azərbaycan yalnız investor kimi deyil, tamhüquqlu strateji tərəfdaş kimi də mühüm rol oynaya bilər. Artıq bu gün iki ölkənin işgüzar dairələrinin müzakirələrdən konkret və praktiki razılaşmalara keçməsi diqqətəlayiqdir. Bu dönüş 2024-cü ildə Bakıda keçirilmiş biznes-forum zamanı açıq şəkildə nümayiş olundu. Belə ki, forum birbaşa əlaqələrin qurulması və gələcək iqtisadi qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi üçün mühüm platformaya çevrildi.

- Yəqin ki, bərpaolunan enerji və “yaşıl” iqtisadiyyat sahəsində də əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur?

- Əlbəttə, bərpaolunan enerji və “yaşıl” iqtisadiyyat sahəsində də əməkdaşlıq perspektivləri olduqca böyükdür. Tacikistan hidroenergetikanı “yaşıl” inkişaf modelinin əsası kimi ardıcıl şəkildə inkişaf etdirir, Azərbaycan isə günəş və külək enerjisinə fəal investisiya yatırır. Təbii resurslar və texnoloji imkanların bu kombinasiyası təmiz enerji sahəsində birgə təşəbbüslər üçün geniş imkanlar yaradır. Düşənbə üçün Azərbaycanın “yaşıl” keçidi yalnız bəyanat kimi deyil, praktiki iqtisadi strategiya kimi həyata keçirməsi xüsusilə vacibdir. Məhz konkret layihələrin reallaşdırılmasına yönələn bu yanaşma əməkdaşlığı daha perspektivli edir və uzunmüddətli iqtisadi və texnoloji qarşılıqlı fəaliyyət üçün imkanlar açır.

- Su ehtiyatlarının idarə olunması və enerji təhlükəsizliyi sahəsində təcrübə mübadiləsi potensialını necə qiymətləndirirsiniz?

Tacikistan “Həyat üçün su” beynəlxalq fəaliyyət onilliyindən tutmuş su ehtiyatlarının davamlı idarə olunması üzrə hazırkı qlobal gündəliyə qədər beynəlxalq su layihələrinin əsas təşəbbüskarlarından biridir. Tacikistanın 2025-ci ildə irəli sürdüyü Buzlaqların qorunması üzrə Beynəlxalq il və Kriosfer elmləri sahəsində Beynəlxalq fəaliyyət onilliyi (2025–2034) təşəbbüsləri onun iqlimə uyğunlaşma, resursların davamlı idarə olunması və regional təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş uzunmüddətli su diplomatiyasını məntiqi şəkildə davam etdirir və institusional olaraq möhkəmləndirir. Tacikistan dağlıq relyef və iqlim dəyişiklikləri şəraitində su ehtiyatlarının idarə olunması üzrə zəngin təcrübə toplayıb. Azərbaycan isə suya qənaət və su resurslarından səmərəli istifadə sahəsində tətbiqi təcrübəyə malikdir. Bu yanaşmaların sinerjisi yalnız enerji təhlükəsizliyinin möhkəmlənməsinə deyil, bütün regionda davamlı inkişafın təşviqinə də xidmət edə bilər.

- Tacikistan üçün Cənubi Qafqazdan, o cümlədən Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin əhəmiyyəti nədir?

- Tacikistan üçün Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizləri strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında əsas bağlayıcı halqa kimi çıxış edir. Trans-Xəzər marşrutu Düşənbədə xarici bazarlara çıxış üçün ən perspektivli kanallardan biri kimi qiymətləndirilir. Bu dəhlizlərdə iştirak Tacikistana xarici iqtisadi əlaqələri şaxələndirməyə və iqtisadi dayanıqlığı möhkəmləndirməyə imkan verir. Azərbaycan Tacikistan üçün yeni Avrasiya tranzit məkanının dayaq dövlətidir. Eyni zamanda, Azərbaycan üçün Tacikistan Mərkəzi Asiyada ciddi resurs və uzunmüddətli potensiala malik etibarlı və sabit tərəfdaşdır. Məhz bu qarşılıqlı tamamlayıcı format hər iki ölkənin maraqlarına cavab verən sabit və praqmatik əməkdaşlığın əsasını təşkil edir.

Seçilən
176
azertag.az

1Mənbələr