Günbəgün avtomobil idarə etmək istəyənlərin sayı artır, xüsusilə də Bakıda şəxsi nəqliyyat artıq bir çoxları üçün zərurətə çevrilib. Lakin paytaxtın tıxaclı yolları, sıx hərəkət, dar küçələr və intensiv nəqliyyat axını sükan arxasına yeni keçən sürücülər üçün ciddi çətinliklər yaradır.
Bəs məhz belə bir şəraitdə ilk dəfə avtomobil sürməyə başlayanlar üçün hansı tip avtomobil daha məqsədəuyğundur? Bakının tıxaclı yollarında yeni sürücülərə hansı maşın modelləri tövsiyə edilir və seçim zamanı nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan avtomobil mütəxəssisi Əziz Abbasov bildirdi ki, ilk öncə elə bir avtomobil seçilməlidir ki, həm ehtiyat hissələri asan əldə olunsun və münasib qiymətə olsun, həm də idarə edilən avtomobilin ustası çox olsun:

"Yəni bir sıra avtomobillər var ki, ölkəmizdə həm ehtiyat hissələri azdır, həm qiymətləri bahadır, həm də ustasını tapmaq çətindir. İndiki zamanda tövsiyəm odur ki, bu gün ən çox tələbat olan "Hyundai" və "Kia" modellərinə üstünlük verilsin. Bu avtomobillər hər mövzuda ideal seçimdir: həm ekonomdur, həm ehtiyat hissələri rahat tapılır və münasib qiymətədir, həm də usta baxımından təmir prosesi rahat və əlçatandır. Maddi baxımdan da ən uyğun seçim məhz bunlardır. Populyar olmayan modellər göz oxşasa da, bəzən ehtiyac duyulan hər hansı bir detalın tapılması çətin olur və bu da sonradan peşmançılığa səbəb olur. Eyni zamanda diqqət yetirmək lazımdır ki, avtomobilin istehsal ili çox köhnə olmasın. Nə qədər ideal seçim olsa da, avtomobilin ili çox önəm daşıyır".
Nuriyyə NATİQQIZI