
Son günlər magistratura səviyyəsində xarici dil imtahanlarında esse tapşırığı ilə bağlı müəyyən dəyişikliklər həyata keçirilib. Bu dəyişikliklər imtahanın qiymətləndirmə meyarlarının təkmilləşdirilməsi və namizədlərin yazılı ifadə bacarıqlarının daha obyektiv ölçülməsi məqsədi daşıyır.
Mövzu ilə bağlı Missiya.Az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, son günlər magistratura səviyyəsində xarici dil imtahanlarında esse tapşırığı ilə bağlı edilən dəyişikliklər cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub:
"Xüsusilə tədrisi ingilis və ya alman dilində aparılan ixtisaslaşmalar üçün esse üzrə minimum bal tələbinin tətbiqi bəzilərinə yeni və çətin görünə bilər. Amma məsələyə bir az dərindən baxanda bu qərarın əslində olduqca məntiqli və vaxtında atılmış addım olduğunu görürük.Açıq danışaq: xarici dildə tədris olunan magistr proqramı sadəcə test suallarını düzgün cavablandırmaq deyil. Bu mərhələdə tələbədən oxuduğunu anlamaqla yanaşı, fikrini yazılı şəkildə ifadə etmək, arqument qurmaq, akademik üsluba uyğun mətn yazmaq bacarığı gözlənilir. Dünya təcrübəsində – istər IELTS, istər TOEFL, istərsə də Avropa və ABŞ universitetlərinin qəbul mexanizmlərində yazı bacarığı əsas göstəricilərdən biri hesab olunur. Çünki magistratura artıq “dərs keçilən” yox, “düşünülən və yazılan” mərhələdir".
G.Əkbərova qeyd edib ki, bu baxımdan Dövlət İmtahan Mərkəzi tərəfindən tətbiq edilən minimum 2 bal tələbi sərt məhdudiyyət yox, real hazırlıq səviyyəsini ölçən bir mexanizmdir:
"Burada məqsəd heç də kimisə kənarda saxlamaq deyil. Əksinə, namizədin seçdiyi ixtisaslaşmanın tələblərinə hazır olub-olmadığını əvvəlcədən müəyyənləşdirməkdir. Üstəlik, 2 bal çox yüksək tələb deyil — bu, sadəcə namizədin elementar səviyyədə də olsa, fikrini yazılı şəkildə ifadə edə bildiyini göstərməlidir.Digər müsbət məqam ondan ibarətdir ki, bu bal məhdudiyyəti yalnız tədrisi xarici dildə olan ixtisaslaşmalara şamil edilir. Azərbaycan və rus dilində aparılan proqramlar üçün esse üzrə heç bir limitin qoyulmaması onu göstərir ki, yanaşma diferensial və ədalətlidir. Yəni hər kəsdən eyni şeyi yox, seçdiyi yolun tələbinə uyğun bacarıq tələb olunur".
Ekspertin sözlərinə görə, bu dəyişiklik bakalavrlar üçün də ciddi bir mesajdır.
"Magistratura sadəcə növbəti pillə deyil, daha məsuliyyətli akademik mərhələdir. Artıq xarici dil imtahanına “keçim getsin” prinsipi ilə yox, “sabah bu dildə oxuyacağam, yazacağam, araşdırma aparacağam” düşüncəsi ilə yanaşmaq lazım olacaq. Bu isə həm tələbənin özünə, həm də ali təhsil sisteminə yalnız müsbət təsir göstərə bilər. Nəticə etibarilə, bu qərarı risk yox, fürsət kimi görmək daha doğrudur. Keyfiyyətli magistratura təhsili üçün keyfiyyətli seçim mexanizmi vacibdir. DİM-in tətbiq etdiyi bu yenilik də məhz gələcək magistrantların akademik mühitə daha hazırlıqlı daxil olmasına xidmət edir",- Günay Əkbərova əlavə edib.
Seyranə QuliyevaMissiya.Az