Alimlər buynuz qişanı cərəyanla yumşaldıb görməni düzəldirlər.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
Alimlər görmə qabiliyyətini lazer istifadə etmədən, yalnız zəif elektrik cərəyanı vasitəsilə düzəltməyin yeni üsulunu tapıblar.
Tədqiqatlara görə, elektrik cərəyanının təsiri altında buynuz qişa yumşalır və ona lazımi formanı vermək mümkün olur. Cərəyan kəsildikdə isə qişa yenidən bərkiyir və nəticədə görmə qabiliyyəti yaxşılaşır.
Bundan əlavə, cərəyan gözün özünü bərpa etməsinə də kömək edir; proses zamanı xırda zədələr və nahamarlıqlar aradan qalxır. Halbuki əvvəllər göz toxumasının strukturunu bu şəkildə dəyişməyin demək olar ki, qeyri-mümkün olduğu düşünülürdü.
Yeni metod artıq miopiyadan (yaxıngörmə) əziyyət çəkən 10 dovşan üzərində sınaqdan keçirilib və onların hamısının görmə qabiliyyəti bərpa olunub.
İndi alimlər texnologiyanı insanlar üzərində sınaqdan keçirməyi və nəticənin nə qədər uzunmüddətli olduğunu araşdırmağı planlaşdırırlar.
Xuraman Etibarlı
İnterpress.az