AZ

​Soltanlı qəbiristanlığı abadlaşdırılır -

İşğaldan azad edilmiş şəhər, rayon və kəndlərimiz abadlaşdırılır, yeni infrastruktur layihələri həyata keçirilir. Qarabağın və Şərqi Zəngəzurun hər yerində olduğu kimi Cəbrayıl rayonunda da quruculuq-abadlıq işləri aparılır.

Metbuat.az xəbər verir ki, Horovlu, Şükürbəyli və Mahmudlu kəndlərindən sonra Cəbrayılın Soltanlı kəndinin də inşasına başlanılıb. Gələn ilin sonuna kimi, Soltanlıda 400-dən çox evin tikilərək sakinlərin ixtiyarına verilməsi gözlənilir.

Aldığımız məlumata görə, Soltanlı kəndinin inşası ilə paralel olaraq kənd qəbirstanlığı da abadlaşdırılır. Bu iş sakinlərin şəxsi vəsaiti hesabına həyata keçirilir.

Soltanlı sakinləri bildiriblər ki, ermənilərin qəbirstanlıqda törətdikləri vandalizm aktının izlərini silmək üçün işlər görülür. "Əhalinin şəxsi təşəbbüsü ilə qəbristanlığın ərazisi dəmir torla tamamilə hasara alınıb. İnsanlar haqq dünyasında olan əzizlərinin məzarlarını abadlaşdırmağa başlayıblar. Qəbristanlığın ərazisi təmizlənib, dağıdılmış qəbirlər tədricən bərpa olunur. Haqq dünyasında olan əzizlərimizə hörmət və ehtiramımız böyükdür. Onların ruhunu şad etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik”, - Soltanlı sakinləri deyib.

Qeyd edək ki, Soltanlı Cəbrayıl rayonunun ən böyük kəndlərindən biridir. Yüzdən çox alimi olan bu kənd Azərbaycanın 3 alimlər kəndindən biri sayılır. Soltanlılar Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə layiqli töhfələr veriblər.

Soltanlı gəncləri həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük müharibədə fəal iştirak ediblər. Kənd qəbiristanlığının girişində Soltanlı şəhidlərinin xatirə lövhəsi yerləşdirilib.

Seçilən
153
metbuat.az

1Mənbələr